Aşıq İmranın 90 illiyi qeyd edilib

 

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ustad aşıq, Əməkdar mədəniyyət işçisi İmran Həsənovun anadan olmasının 90 illiyi qeyd edilib.

Tədbirdə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı İmran Həsənovun ömür və yaradıcılıq yolundan danışıb, XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında onun xidmətlərindən söz açıb.

Qeyd olunub ki, İmran Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Sonradan Tovuza köçüb. Aşıqlığı əvvəlcə əmisi aşıq Dünyamalıdan, sonra isə Məhərrəm Hacıyevdən öyrənib. Zil səsi ilə seçilən İ.Həsənov tezliklə istedadlı aşıq kimi tanınıb. 1956-cı ildə Bakı, 1957-ci ildə Moskva festivallarının laureatı olub. 1967-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Azərbaycan aşıqlarının III və IV qurultaylarının iştirakçılarından olub. Aşıq İmran nağıl və dastanların, aşıq şeirlərinin və havalarının mahir bilicisi və ifaçısı olmaqla yanaşı, həm də yüzlərlə qoşma, gəraylı və vücudnamə müəllifidir.

Tədbirdə tanınmış və gənc aşıqlar, Təbrizdən gəlmiş sənətkarlar, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupuAnar Abdullayevin başçılığı ilə “Koroğlu” aşıqlar qrupunun üzvləri öz ifaları ilə ölməz sənətkarın ruhuna ehtiramlarını ifadə ediblər.

Sonda yubilyarın oğlu Firdovsi Həsənov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.6.