Abşeron nağılı

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi

 

Ölkəmizin Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə rəssam Anar Hüseynzadənin Abşeron nağılı adlı fərdi sərgisi təşkil olunub.

Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya mərkəzində keçirilən tədbirdə çıxış edən səfir Fuad İsgəndərov ölkəmizin mədəniyyət və incəsənətindən söz açıb, rəssam haqqında məlumat verib.

Bildirilib ki, A.Hüseynzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Əsərləri müxtəlif ölkələrdə sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın ilk fərdi sərgisi 2014-cü ildə təşkil olunub. Onun Qədim şəhər əsəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən 2007-ci ildə BMT-nin Cenevrə bölməsində yaradılan Azərbaycan otağına təqdim edilib.

Rəssamın əsərlərində Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə də sadə insanların portretləri və fəlsəfi mövzular rənglərin dili ilə təqdim olunur.

Lüksemburq Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Lea Linster mərkəzin fəaliyyətindən bəhs edib, burada azərbaycanlı rəssamların sərgilərini təşkil etməkdə maraqlı olduqlarını deyib.

Tədbir iştirakçıları sərgi ilə tanış olaraq əsərlərlə bağlı təəssüratlarını bölüşüblər.

 

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.8.