İki ölkənin Əməkdar rəssamı

 

Rusiya Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatik Akademiyada Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun Nar dalğaları adlı sərgisi açılıb.

Açılış mərasimində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adının döş nişanını və vəsiqəsini rəssama təqdim edib. Bildirib ki, Azərbaycan Prezidentinin 27 may 2018-ci il tarixli sərəncamı ilə Əsgər Məmmədov fəxri ada layiq görülüb.

Dövlətimizin başçısının tapşırığı ilə ali mükafatı ona təqdim etdiyini bildirən P.Bülbüloğlu deyib: Azərbaycan Prezidenti İlham Əliyev məhz bu binada təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu o zaman indi Diplomatik Akademiyanın yerləşdiyi bu binada fəaliyyət göstərirdi. Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğunuz fəxri adın döş nişanını və diplomunu məhz bu binada təqdim etmək mənim üçün olduqca xoşdur.

Rusiya XİN yanında Diplomatik Akademiyanın rektoru Yevgeni Bajanov deyib: Biz hər ay Diplomatik Akademiyada müxtəlif ölkələrin rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edirik. Əsgər Məmmədovun əsərləri orijinallığı və səmimiliyi ilə fərqlənir. Mənim mərhum həyat yoldaşım Natalya Bajanova Bakıda doğulub, boya-başa çatıb. Odur ki, Əsgər Məmmədovun əsərlərindəki Bakı mənzərələri mənim üçün daha doğmadır.

Mərasimdə çıxış edən akademik Fazil Qurbanov, Rusiyanın Əməkdar rəssamı Viktor Buskin, publisist Sultan Mərzili və başqaları bildiriblər ki, Ə.Məmmədovun rəsmlərində doğma Qarabağın nisgili duyulur. Onun natürmortlarında Azərbaycanın bar-bərəkət brendləri heyvanar təsvirləri göz oxşayır. Rəssamın bənzərsizliyi ondadır ki, o öz yaradıcılığı ilə milli dəyərləri beynəlmiləl dəyərlər səviyyəsinə çatdırır.

Əsgər Məmmədov onun yaradıcılığına verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Sərgidə Əsgər Məmmədovun Qarabağ, Bakı mənzərələri, Azərbaycanın füsunkar təbiəti mövzusunda rəsmləri nümayiş olunur.

Qeyd edək ki, Əsgər Məmmədov 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açıb. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda cizgi filmləri rejissorluğu üzrə təhsil alıb. Azərbaycanfilm kinostudiyasında çalışıb. Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan rəssam Mərzili kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı 200-ə qədər rəsm əsəri yandırılaraq məhv edilib. Sonradan Moskvaya köçən və orada yaradıcılıq fəaliyyəti göstərən rəssam Rusiyanın Əməkdar rəssamı adına layiq görülüb. Dəfələrlə müxtəlif ölkələrdə sərgiləri keçirilib.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.5.