Gündoğar ölkədə türk musiqisinin təntənəsi

TÜRKSOY-un xalq çalğı alətləri orkestri Yaponiya səfərini başa vurub

 

 

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin noyabrın 13-də başlanan Yaponiya səfəri ayın 20-də Tokionun Mequro rayonunda yerləşən Presimmon Hall konsert zalında möhtəşəm qala-konsertlə başa çatıb. 12 ölkədən 50 artistin iştirakı ilə təşkil edilən konsert proqramı yapon tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsertdə əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək qonaqları salamlayıb. Qeyd edib ki, TÜRKSOY-un yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən səfər noyabrın 13-də Tokiodakı Yaponiya İncəsənət Universitetində başlayıb. Noyabrın 14-də Kavasaki, 15-də Yokohama, 16-da Akasaka, 18-də Hamamtsu şəhərlərində təşkil edilən konsertlərdə türk dünyasını əhatə edən mahnı və rəqslər nümayiş etdirilib.

TÜRKSOY-un yaranması və tarixi haqqında məlumat verən D.Kaseinov deyib ki, təşkilatın məqsədi türk mənşəli xalqların qədim, zəngin mədəniyyətini dünyaya tanıtmaq və eləcə də gələcək nəsillərə çatdırmaqdır. Diqqətə çatdırılıb ki, 2016-cı ildə yaradılan TÜRKSOY-un xalq çalğı alətləri orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Altay, Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya respublikalarından, həmçinin MonqolustanQaqauziyadan (Moldova) ifaçıları özündə birləşdirərək, bir konsertlə bütün dünyanı vahid türk mədəniyyətinə qovuşdurur.

Baş katib bildirib ki, səfər Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin Tokiodakı səfirliklərinin dəstəyi ilə təşkil edilib. O, turnenin təşkilinə göstərilən köməyə görə Yaponiya hökumətinə, konsertlərin keçirildiyi şəhərlərin meriyalarına və türk mədəniyyətinə böyük diqqət və marağa görə isə yapon tamaşaçılara minnətdarlıq edib.

Azərbaycanlı musiqiçilər Muğam televiziya müsabiqəsinin laureatı Babək Quliyevin, Rasim Zərbəliyevin (tar), beynəlxalq müsabiqələr laureatı Şəhriyar Musayevin (kamança), Əməkdar artist Çinarə Heydərovanın (kanon) və Elnur Əliyevin (nağara) də qatıldığı konsert proqramı ümumilikdə 2 saata yaxın davam edibyapon musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanlı musiqiçilərin ifa etdiyi Qarabağ şikəstəsi, H.Rzayevin Çahargah rapsodiyası, Ə.Tağıyevin Sən gəlməz oldun mahnıları tamaşaçıların alqışlarına səbəb olub.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə təəssüratlarını bölüşən Tokio Universitetinin professoru Akira Matsunaqa, Otto restoranlar şəbəkəsinin meneceri Kimizuka HiroyukiNeos-ai land şirkətinin meneceri Neo Suqiura TÜRKSOY-un 25 illik yubileyi münasibətilə təşkil edilən qala-konserti böyük məmnuniyyətlə izlədiklərini bildiriblər. Həm azərbaycanlı, həm də digər türkmənşəli xalqların milli musiqisi həzinliyi və gözəlliyi ilə onları heyran edib.

Səfərin yekunları barədə fikirlərini bölüşən D.Kaseinov isə deyib: Fikrimcə, on gün davam edən konsertlər ərzində yapon musiqisevərlərə böyük türk musiqisi - qazax köyü, Azərbaycan muğamı, qırğız dastanı, türk rəqsləri və hətta Sibir xalqlarının mədəniyyəti barədə kifayət qədər məlumat verə bildik. Mən yapon tamaşaçıların gözlərində türk mədəniyyətinə böyük marağı gördüm və düşünürəm ki, bu gələcək əməkdaşlıq üçün xoş zəmin yaradır. Gələn görüşlərədək.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.8.