Uşaq Avroviziya-2018” müsabiqəsində yeni səsvermə qaydaları

 

 

 

Noyabrın 25-də Belarusun paytaxtı Minskdə “Uşaq Avroviziya-2018” (Junior Eurovision) mahnı müsabiqəsi keçiriləcək. Sayca 15-ci olan müsabiqədə 20 ölkə təmsil olunacaq.

Ölkəmizi müsabiqədə “Sənin kimi olmaq” (“I wanna be like you”) adlı mahnı ilə Fidan Hüseynova təmsil edəcək. Mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikovdur, sözləri Aytən İsmixanova (Azərbaycan dilində) və Elvira Miçiyeva (ingilis dilində) yazıb.

Bu arada müsabiqənin milli yayımçısı olan İctimai TeleviziyaRadio Yayımları Şirkəti səsvermə qaydalarını izah edən videoçarx yayımlayıb. Yeni qaydalara əsasən isə artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir.

Müsabiqədən öncə, noyabrın 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tvwww.jesc.tv saytlarından tamaşaçıların onlayn səsverməsi reallaşacaq, daha sonra isə müsabiqə günü səsvermə müvəqqəti olaraq dayandırılacaq. Final günü sonuncu iştirakçının ifasından sonra isə səsvermə 15-30 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Onlar isə bu səsləri ballara çevirərək nəticəni lövhədə nümayiş etdirəcək. Səsvermə zamanı toplanan səslər münsiflər heyətinin səs aktivinə əlavə olunacaq.

 

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.8.