“Qəzəllər” layihəsinin ilk konserti

 

 

 

 

Beynəlxalq Muğam Mərkəzi “Qəzəllər” layihəsinin ilk konsert proqramını təqdim etdi.

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr edilən gecədə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək muğam ifaçılığında qəzəl seçiminin əhəmiyyətini vurğuladı, layihəni müsbət qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan muğam sənəti ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğının nəticəsi olaraq muğam sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Daha sonra Füzulinin ölməz qəzəlləri əsasında “muğamların anası” adlandırılan “Rast” dəsgahı təqdim edildi. Üç fərqli səs, üç fərqli yanaşma və Azərbaycan muğam sənətinin sehrinə düşən auditoriya. Televiziya muğam müsabiqələrinin qalibləri və laureatları Almaxanım Əhmədli, Məmməd Nəcəfov və Hüseyn Məlikovun ifasında şairin qəzəlləri tamaşaçıları muğamın müdrik məqamlarından agah etdi. Hər bir ifaçının özünəməxsus səs tembri, muğam və şeriyyətə fərdi yanaşması bu dəfə təqdim edilən “Rast” dəsgahını daha da seçilən edirdi. “Rastfarscadan tərcümədə “düz, dürüst, düzgün” anlamını verir. İfaçılar da bu muğamın adına uyğun olaraq dəsgahı qüsursuz səsləndirdilər. Dahi Füzulinin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər gecəni daha da yaddaqalan edir, gənc xanəndələrin ifasına xüsusi bir şövq qatırdı.

Xanəndələri tarda Valeh Allahverdiyev, kamançada Oktay Şərifov, qanunda Safura Məmmədova, nağarada Elməddin Həsənov müşayiət edirdi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin növbəti qəzəl gecəsi Seyid Əzim Şirvani yaradıcılığına həsr olunacaq.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.5.