Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya

 

 

 

Bəşər tarixi boyu zaman-zaman əlilliyi, şikəstliyi olan insanlara münasibət fərqli olub. Əslində, belə Allah bəndələrinə münasibət həmişə onları əhatə edənlərin qəlbindəki insaf hissi və düşüncəsindəki insanlıq dərəcəsinə görə fərqlənib. Yəni insaflılar şikəst, sınıq, yazıq, məhrum bildiklərinə rəhmlə yanaşıblar, onları qorumağa çalışıblar, qayğılarını əskik etməyiblər, qəddarlar isə… ən yaxşı halda hamıya bənzəməyənləri sözlə, baxışla incidib qəlblərini qırmaqdan, onlara «aşağı sort» məxluq kimi münasibət bəsləməkdən çəkinməyiblər. Ən pis halda isə… Bu barədə danışmaq belə istəmirik, çünki bu artıq başqa bir mövzudur.

Bu yazıda anadangəlmə, yaxud qazanılma əlilliyin insanın özünə və onun doğmalarına, əhatəsində olduğu mühitə necə təsir göstərdiyindən, normal həyat yaşamaqyaşatmaq üçün hansı əzablara qatlaşdığından, qazandıqları nailiyyətlərin arxasında nə qədər iztirabmübarizliyin durduğundan, bütün bunların psixoloji xırdalıqlarından da bəhs etməyəcəyik. Çünki məqsədimiz mövzumuza uyğun olaraq əlilliyi olan şəxslərin ölkənin mədəniyyət həyatındakı yerindən və onların özünü tapmaq imkanlarından söz açmaqdır.

…Əgər Allah öz bəndəsinə fitri istedad, xüsusi bacarıq verirsə, bu o deməkdir ki, artıq onu sıravilərdən seçib, fərqləndirib. Gözəl səs, gözəl təb sahibi olanın gözdən əlil, yaxud hərəkət məhdudiyyətli olması arxa plandadır. Ya da eşitmə qüsurlu insan da eləcə… Əgər onun gözəl əl qabiliyyəti varsa, dekorativ-tətbiqi sənətdə, memarlıqda, dizayn işində özünü  tapa bilirsə, fikrini sözlə deyil, ruhunun, istedadının hünəri ilə çatdırmağı bacarırsa, hansı məhdudiyyətdən danışmağa dəyər? Psixoloji-mənəvi məqamlara nə qədər toxunmaq istəməsək də, bu amildən yayınmaq olmur. Anadangəlmə əlilliyi olan insanın həyatda özünü tapması, istedadının parlaması ilk növbədə onun doğmalarından asılıdırsa, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlillik qazandıqdan sonra cəmiyyətə inteqrasiya həm də onun özündən polad iradə və dözüm, mübarizlik tələb edir.

* * *

Azərbaycan mədəniyyət tarixində belə uğurlu nümunələr çox olmasa da, var. Məsələn, üç yaşında çiçək xəstəliyi ucbatından görmə qabiliyyətini itirmiş, sadəcə, başını qatmaq üçün əlinə qarmon verilmiş, sonradan sənətkar kimi tanınacaq, tələbələr yetişdirəcək və Kor Əhəd kimi məşhurlaşacaq Əhəd Əliyevi götürək. Bu il anadan olmasının 125 illiyi qeyd edilən sənətkar elə bir sənət zirvəsini fəth etmişdi ki, adına ayama kimi qoşulan Kor kəlməsi onu tanıyanların, ifasına vurğun kəsilənlərin alt şüurunda öz mənfi çalarını itirmişdi. Lakin bunu da unutmaq olmaz ki, vaxtilə baba Müslüm Maqomayev onu səhnəyə çıxarmasaydı, radioya gətirməsəydi, Üzeyir Hacıbəyli də opera teatrının orkestrinə dəvət etməsəydi, Kor Əhədin şöhrəti toyxana hüdudlarını aşmayacaqdı.

Azərbaycanın Xalq rəssamı, anadangəlmə lal-kar Mirələsgər Mirqasımov əvvəlcə  anası Ceyran xanımın, daha sonra həyat yoldaşı Gültəkin xanımın mənəvi dəstəyi olmasaydı, sərt, Böyük Vətən müharibəsi əlillərindən başqa bütün əlil kateqoriyalarına aid edilənlərin “aşağı sortadam sayıldığı (dildə deyilməsə də) sovet cəmiyyətində ali təhsil ala, öz istedadını onu başa düşəcək insanlara çatdıra bilməzdi. Düzdür, belə nümunələr tək-tük də olsa, var. Bakıda gözdən əlil, lal-kar uşaqlar üçün xüsusi internat məktəblər, eləcə də evdə məktəb sistemi sovet dövründə də fəaliyyət göstərib. Lakin ətrafımızdakı insanların fiziki qüsurlu övladının, yaxınının heç bir təhsil almadığını, heç bir sənət bacarığına yiyələnmədiyini görüb bu barədə soruşanda onlar həmin internat sistemli təhsil müəssisəsində başıpozuqluğun hökm sürdüyünü, uşaqlara yaxşı baxılmadığını, normal dərs keçilmədiyini, şəraitsizliyi səbəb göstərərdilər.

Digər tərəfdən, tablaşıb həmin məktəblərdə təhsilini başa vuran uşaqlarda başqa bir psixoloji problem yaranırdı: fiziki göstəriciyə görə yaşıdlarından aralı  düşənlər sonradan normal insanlar arasında özlərini artıq adam, cəmiyyətə yamaq kimi hiss edirdi, onlarda özünə qapanma başlayırdı, depressiyaya düşürdülər. Yüngülvarı fiziki qüsuru olan uşaq isə mütləq adi orta məktəbdə istehza, təhqirlə qarşılaşır, müəllimlər israrla həmin uşağı xüsusi təyinatlı məktəbdə oxutmağı məsləhət görürdü. İş yerində isə vəziyyət orta məktəbdəkindən yaxşılığa doğru heç də fərqlənmirdi. Nə yaxşı ki, dünyanın yaşı artdıqca təkcə əlillərin cəmiyyətə inteqrasiyasını asanlaşdıran texnologiya inkişaf etmir, insanların da şüurunda irəliləyiş  baş verir.

* * *

Dünyanın inkişaf etmiş dövlətləri bu problemi çoxdan həll etsə də, bütövlükdə inklüziv cəmiyyətin qurulması, demək olar ki, XXI əsrdə formalaşmış ideyadır. Şükürlər olsun ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz ölkədəki iqtisadi-siyasi durumun gərginliyinə, müharibə şəraitinin davam etməsinə baxmayaraq, vətəndaşlar arasında fiziki göstəricilərinə görə ayrı-seçkilik qoyulmaması yolunu tutdu.

Bu gün sosial yönümlü daxili siyasətin yeridildiyi ölkəmizdə əlil insanların mədəni həyatdan uzaq düşməməsi, onların mənəvi cəhətdən də adi insanlardan geri qalmaması üçün xeyli işlər görülür. 2014-2018-ci illəri əhatə edən və artıq başa çatmaqda olan “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın məqsədlərindən biri də əlil və sağlamlığı məhdud insanlara hamı kimi bərabər şəkildə təhsil almaqtam olaraq öz şəxsiyyətini, istedadını, yaradıcılığını, intellektualfiziki potensialını reallaşdırmaq imkanının yaradılmasıdır. Milli Fəaliyyət Proqramının həyata keçirilməsinə dair təsdiq edilmiş Tədbirlər planının 8-ci bəndi (“Əlilliyin dərki, əlilliyi olan şəxslərin potensialının təbliğ olunması, mədəni həyatda iştirakının, istirahətinin və idman tədbirlərinin təşkili”) yazımızın mövzusu ilə birbaşa əlaqəlidir.

* * *

Bəlkə də çoxları Bakıdakı 38 saylı Musiqi məktəbinin məhz gözdən əlil uşaqların musiqi təhsili alması üçün nəzərdə tutulduğunu eşidəndə təəccüblənər. Halbuki bu məktəbdə hazırda iki yüz nəfərədək görmə qüsurlu uşaq müxtəlif musiqi alətlərində çalmağı öyrənir. Məktəbin istedadlı şagirdləri  dəfələrlə respublika və beynəlxalq miqyaslı müsabiqə və festivallarda iştirak edib, mükafata layiq yerlər tutublar.

Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci ildən fəaliyyətdədir. Ovaxtkı Azərbaycan Korlar Cəmiyyətinin təşəbbüsü ilə yaradılmış kitabxana uzun illər maddi sıxıntı üzündən tam gücü ilə işləyə, öz fondunu zənginləşdirə bilmirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kitabxana Mədəniyyət Nazirliyinin balansına verildi və vəziyyət yaxşılığa doğru dəyişdi. Artıq dövlət müəssisəsi olan kitabxananın fondu da təkcə Brayl əlifbası ilə deyil, həm də  audiokitablarla zənginləşməyə başladı. 2005-ci ildə kitabxananın binası əsaslı təmirdən sonra istifadəçilərin ixtiyarına verildi. Səsyazma studiyasının yaradılması kitabxananın texniki imkanlarını daha da genişləndirdi, onun istifadəçilərinin sayının artmasına təkan verdi. Bu gün kitabxana heç bir fəaliyyəti ilə digər kitabxanalardan fərqlənmir. Oxuculara xidmət edir, plana uyğun olaraq tədbirlər keçirir, ara-sıra şair və yazıçıları öz oxucuları ilə görüşə dəvət edir.

* * *

Dövrümüzün tələbinə uyğun olaraq ölkəmizdə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir, Azərbaycan hökuməti insanların qayğısına qalan, onlara fəaliyyət imkanları yaradan, dövlətçiliyə xidmət edən belə qurumların işini dəstəkləyir. Təbii ki, ən müxtəlif fəaliyyət istiqamətlərini əhatə edən QHT-lərin arasında əlilliyi olan insanları birləşdirən təşklatlar da var. 2003-cü ildə əlil insanların birləşdiyi 8 təşkilatın təşəbbüsü ilə yaradılmış Əlil Təşkilatları İttifaqının (ƏTİ) üzvlərinin sayı xeyli artıb. Əlil və sağlamlığı məhdud insanların təşkilatlanması həm də o deməkdir ki, bu şəxslər acizlik hissindən uzaqdırlar, fiziki baxımdan tən-dürüst soydaşlarından geri qalsalar da, hünər, yaratmaq, uğur qazanmaq cəhətdən özlərini nədənsə məhrum hesab etmirlər. Belə bir insanın bəxti həm də o zaman gətirir ki, onun problemini həll etməyə, potensialını görməyə,  istəyini yerinə yetirməyə qabil kəslər onun yanında ola.

* * *

“ƏSA” teatrının adını  yəqin ki, çoxları eşidib. Bu müstəqil teatr iki il əvvəl yaransa da, təqdimat-təbliğatı düzgün qura bildiyi üçün çoxlarının diqqətini çəkib və onun tamaşalarına maraq heç də digər oturuşmuş teatr kollektivlərindən az deyil. Bu teatr büsbütün gənc insanların, deməli, həyatı təcrübəsi ilə deyil, hisləri ilə yaşayan nəslin ortaya çıxardığı məhsuldur. Əsa dilimizdə yerimək çətinliyi olan insanın köməyinə gələn əl ağacı mənasını versə də, teatrın adı üç kəlmənin baş hərflərinin qısaltmasıdır:  Əngəlsiz, Sərhədsiz, Azad. Azərbaycanda və regionda fiziki məhdudiyyətli və əlilliyi olmayan aktyorların birgə çalışdığı ilk inklüziv teatr iki il ərzində bir neçə tamaşa təhvil verib. Kollektiv M.F.Axundzadə, C.Steynbek, U.Şekspir kimi dahilərin əsərləri əsasında hazırladığı tamaşaları təkcə Bakıda oynamır, artıq regionlara qastrol səfərinə də çıxır. Bu ilin may ayında isə teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-da Açıq Dünya Proqramı çərçivəsində “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda keçirilmiş beynəlxalq layihədə iştirak edib, orada “ƏSA” teatrının fəaliyyətindən, teatra olan dövlət qayğısından, ictimai maraqdan bəhs edən təqdimat çarxını nümayiş etdirib, dünyanın müxtəlif ölkələrindən gəlmiş ideyadaşları ilə fikir mübadiləsi aparıb.

Teatr növbəti premyerasını dekabrın 3-də – Beynəlxalq əlillər günündə  Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşklati dəstəyi ilə təqdim edəcək. Aktyorlarının yarısı fiziki məhdudiyyətli insanlar olan “ƏSA” bu dəfə Moris MeterlinkinGöy quş” əsərinə müraciət edib.  

* * *

Kimdeyir, desin, əlillərin və sağlamlığı məhdud insanların cəmiyyətə tam inteqrasiyası, sosiallaşması qarşısında duran ən böyük əngəl psixologiyadadır. Yəni necə edəsən ki, bizdən fərqli insan özünü başqalarından əskik bilməsin, köməyinin, mərhəmətinin dəqiq dozasını necə müəyyən edəsən ki, ondakı natamamlıq kompleksi simulyasiyayaöz vəziyyətindən sui-istifadə meylinə çevrilməsin? Bu isə, heç bir dəqiq resept  proqramla müəyyən olunmur. Bir məqam dəqiqdir ki, əlillərin köməkdən daha çox qayğıya ehtiyacı var.

 

Gülcahan MİRMƏMMƏD

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.5.