Mədəni irsimizlə bağlı iki fayl UNESCO-nun siyahılarına təqdim edilib

 

Noyabrın 26-dan dekabrın 1-dək Mavrikinin Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçiriləcək. Sessiyada müxtəlif ölkələrin qeyri-maddi mədəni irs ilə bağlı təqdim etdiyi nominasiya faylları da müzakirə olunacaq.

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha iki fayl UNESCO-nun müvafiq siyahılarına təqdim edilib.

Naxçıvan ənənəvi kollektiv Yallı rəqsi faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına və Azərbaycan, Qazaxıstan və Türkiyənin birlikdə hazırladığı Dədə Qorqud irsi: bu epopeya ilə bağlı mədəniyyət, xalq əfsanələri və musiqiyə dair fayl isə Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya təqdim olunub.

Qeyd edək ki, 2018-ci ildə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə baxılması üçün Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına ümumilikdə 7 fayl, Qeyri-maddi mədəni irs üzrə siyahıya isə 40 fayl təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.2.