Kinonun ocağı – muzeyləşən otaq

  

 

 

Gördüyünüz bu otaq görkəmli kinorejissor Rasim Ocaqovun otağı olub. Burada onun bəzi şəxsi əşyaları, ekranlaşdırdığı filmlərin fotoları yer alır.

Bu sözləri “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Rasim Ocaqovun 85 illiyi münasibətilə kinostudiyada yerləşən otağının təmirdən sonrakı açılışında söyləyib.

O qeyd edib ki, kinostudiyada həyata keçirilən layihələrdən biriuzun müddət burada çalışan görkəmli sənət adamlarının yaradıcı otaqlarının bərpa edilməsi ilə bağlıdır: “Altı görkəmli kinorejissorumuzun yaradıcılıq otağını bərpa etməyi planlaşdırırıq. İstəyirik ki, bütün bunlar xalqımızın mədəni həyatında kino sənaye parkı və yaradıcılıq mərkəzi kimi qalsın. Bir növ kinostudiya muzey mərkəzi kimi də fəaliyyət göstərməlidir ki, gənc rejissorlar və sənət adamları buraya baş çəkəndə korifey sənətkarlarımızın yaradıcılığı ilə yaxından tanış ola bilsinlər. Kinostudiyada bizim çox böyük geyim rekvizitlərimiz var, gələcəkdə onların da yerləşəcəyi muzey statuslu otaqlar yaratmağı düşünürük”.

Xalq artisti Hacı İsmayılov rejissorla bağlı təəssüratlarını bölüşüb: “Bu gün görkəmli sənətkar, unudulmaz rejissor Rasim Ocaqovun otağının təmirdən sonrakı açılışında iştirak etməyim mənim üçün əsl bayramdır. Rasim Ocaqovun ekranlaşdırdığı filmlərə çəkildiyim zaman xoşbəxtliyi hiss eləmirdim, yaşayırdım. Onun beş filmində rol almışam. Rasim Ocaqova ömrüm boyu minnətdaram, çünki bir aktyor kimi o məni kəşf edib”.

Görkəmli kinorejissorla bir yerdə çalışmış Nadir Əliyev deyib: “Bu otaq çox unudulmaz hadisələrin şahididir. Bu otaqda Azərbaycanın ən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Rasim müəllimlə görüşüb, müzakirələr aparıb. Onun son üç filminin - “Təhminə”, “Həm ziyarət, həm ticarət” və “Otel otağı”nın icraçı prodüseri olmuşam. Biz 90-cı illərin əvvəllərində “Ocaq” Müstəqil Studiyasını yaratdıq. Studiyanın direktorluğu mənə həvalə olunmuşdu. Biz Rasim müəllimlə birlikdə orada çalışdıq. Onun Azərbaycan kinosunun inkişafında, formalaşmasında əməyi olduqca böyükdür. Rasim Ocaqov ən sevilən ekran əsərlərinin yaradıcısı kimi hər zaman mədəniyyət və kino tariximizdə yaşayacaq”.

Mərasimdə Rasim Ocaqovun ailə üzvləri də iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.2.