Cahan fikrimizlə süslənəcəkdir...”

 

 

 

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksinin tam orta məktəbində Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə «Cahan fikrimizlə süslənəcəkdir, Hər zaman nəğməmiz səslənəcəkdir” adlı ədəbi-bədii kompozisiya  keçirilib.

Əvvəlcə məktəbin direktoru Bəşarət Hüseynova çıxış edərək tədbirin Mikayıl Müşfiqin 110 illiyi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq təşkil edildiyini söyləyib, görkəmli şairin həyat və yaradıcılığından danışıb.

Sonra BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev Mikayıl Müşfiq poeziyasından bəhs edərək şairin şəxsiyyətini milli şüur və vətənpərvərliyin mücəssəməsi, onun yaradıcılığını isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinə adlandırıb. BXA-nın tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aypara Məmmədova da Müşfiq yaradıcılığından bəhs edib.

Məktəblilər Müşfiq poeziyasından “Yenə o bağ olaydı”, “Oxu, tar” şeirlərini və digər nümunələri səsləndirib, rəqs ediblər.

Sonda M.Müşfiqin “Şəngül, Şüngül, Məngül” nağılından səhnəcik nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.5.