Heyrətamiz pianoçunun konserti

 

 

Hər kəsə əldən itidir deməyin…

 

Nə vaxt idi ki, reklam çarxları onu bizə tanıtdırmağa, konsertinə dəvət etməyə çalışırdı. Dünyanın ən iti pianoçusu, 26 yaşlı macar gənci Peter Benze Bakıya gəlib konsert verəcəkdi...

Noyabrın 24-nə təyin edilmiş konsert uğurla gerçəkləşdi. Bakı Konqres Mərkəzindəki konsertdən bir neçə saat öncə isə Peter Benze jurnalistlərlə görüşdü, onları maraqlandıran suallara cavab verdi.

Bizonu təkcə ifasından yox, həm də söhbətindən tanıdıq. Peter özünü macar estrada pianoçusu, bəstəkarı və saund-dizayneri, yəni səs-küy effektlərini yaradıb idarə edən şəxs kimi təqdim edir. Bütün bunlar bir tərəfə, Peter Benzenin adı 2012-ci ildə bir dilin (klavişin) təkrar basılması sürətinə (dəqiqədə 765 dəfə) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

Peter jurnalistlərin verə biləcəyi standart sualları qabaqlayaraq, söylədi ki, bu onun ölkəmizə ilk səfəridir, təəssüf ki, Bakı ilə tanışlıq imkanı olmayıb. Amma Azərbaycan milli mətbəxi ilə tanış olmağa fürsət tapıb və yeməklərimizi çox bəyənib. Yaradıcılıq münasibətlərinə gəlincə, vurğuladı ki, gələcəkdə böyük məmnuniyyətlə Azərbaycanda ustad dərsləri verməyə hazırdır: “Qastrol qrafikim çox sıxdır, sabah başqa ölkəyə uçmalıyam. Amma yaxın gələcəkdə belə bir təklif olarsa, ustad dərsi keçmək olar”.

“Bakıda öz iti əl rekordunuzu təzələmək fikriniz varmı” sualına pianoçu rekordçu kimi yox, peşəkar kimi cavab verdi: “Mən heç bu barədə düşünmürəm də. Mənim üçün ən vacib olan ifanın keyfiyyətidir”.

Mətbuat konfransının ən maraqlı məqamı isə konsert təşkilatçılarının Peterə Azərbaycan milli musiqi aləti tarı hədiyyə etməsi oldu. Salonda əyləşmiş hər kəs şahid oldu ki, Peter hədiyyədən daha çox, Əməkdar artist, tanınmış tarzən Şəhriyar İmanovun həmin aləti dilləndirməsinə heyran oldu.

* * *

Axşam isə heyran qalmaq növbəsi Peter Benzenin konsertinə gələnlərdə idi. 4 yaşından etibarən pianoda çalmağa başlamış, həm ifaçı, həm də bəstəkar olan, Bostonda dünyanın bir nömrəli müasir musiqi məktəbində (“Berklee College of Music”) təhsil alan gənc minlərlə dinləyicini öz sənət işığına toplaya bilir.

Belini bir qədər əyib royalın qarşısına keçən Peterin klassik ifaçılardan çox fərqli görünüşü belə böyükecazkar sənət qarşısında səcdə etməsi təsiri bağışlayırdı. Bir-birini əvəzləyən ötən illərin hit melodiyaları mükəmməl ifanın sayəsində yüngül musiqi kimi deyil, artıq populyar ciddi musiqi nümunəsi səviyyəsində qavranılır. İnanmayanlar musiqiçinin şəxsi saytındakı sıx qastrol qrafiki ilə maraqlana, konsertlərindən görüntüləri seyr edə bilərlər. O, 2012-ci ildən başlayaraq dünya turunda onlarla ölkədə çıxış edib. Eyni zamanda televiziya, kino, teatr tamaşaları, sənədli filmlər üçün musiqi yazır, populyar müğənnilər üçün mahnı bəstələyir.

Bir sözlə, hələ Peter Benzenin çıxışını görməmisinizsə, kimsə üçün “əldən itidir” ifadəsini işlətməyin.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.3.