Bu, Azərbaycan vokal məktəbinin böyük uğurudur

 

 

“Müğənnilərimiz Böyük Teatrda parlaq çıxış edirlər”

 

Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, tanınmış opera müğənnisi Elçin Əzizova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib. Elçin Əzizov Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bu ada layiq görülüb.

Noyabrın 22-də Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində P.İ.ÇaykovskininQaratoxmaq qadın” operası göstərilib. Tamaşada iki əsas kişi rolunu azərbaycanlı opera müğənniləri Elçin Əzizov və Yusif Eyvazov ifa ediblər.

Tamaşa qurtarandan sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxaraq fəxri adın vəsiqəsini və döş nişanını müğənniyə təqdim edib.

Diplomat diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Elçin Əzizov və Yusif Eyvazov eyni gündə təltif olunublar: “Yusif Eyvazova bu mükafatı bizim Böyük Britaniyadakı səfirimiz təqdim edib, bu yüksək adın vəsiqəsini və döş nişanını Moskvada, Böyük Teatrın binasında təqdim etmək şərəfi isə mənə qismət olub”.

Səfir qeyd edib ki, 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadası keçirilərkən görkəmli müğənni Bülbül Böyük Teatrın bu tarixi səhnəsində oxuyub: “Mən çox həyəcanlıyam, çünki bu səhnə mənim üçün böyük əhəmiyyət kəsb edir. Səksən il bundan əvvəl mənim atam Bülbül bu səhnədə əfsanəvi xalq qəhrəmanı Koroğlu rolunda çıxış edib. Bu gün, o tarixdən 80 il keçəndən sonra Böyük Teatrın səhnəsində böyük rus bəstəkarı Pyotr İliç Çaykovskinin operasında iki azərbaycanlı parlaq çıxış edir. Bu, Azərbaycan vokal məktəbinin böyük uğurudur. Mən bu gün bütün dünya səhnələrində oxuyan Elçin Əzizovu, Yusif Eyvazovu, Dinara Əliyevanı təbrik etmək istəyirəm. Gəlin bizim solistlərə, bu səhnədə olanların hamısına böyük uğurlar diləyək”.

Elçin Əzizov əməyinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Müğənni həmçinin tamaşaçılara və kollektivə dərin ehtiramını bildirib, səfir Polad Bülbüloğluna təşəkkür edib.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.5.