Həyatın axını dəyişiklik deməkdir

 

Hər şey axır, hər şey dəyişir...Eramızdan əvvəl yaşamış antik mütəfəkkirlərdən birinə aid edilən bu sözləri, əslində, sıradan hər kəs deyə bilərdi. Çünki bu, həyatın sadə formuludur.

Yenilik, dəyişiklik həyatın bütün sahələrində labüddür, amma tarix boyu öncəlik olaraq mədəniyyətlə assosiasiya edilib. Ta qədimdən bu yana bir xalqın, məmləkətin, hətta böyük imperiyaların inkişaf səviyyəsi mədəni tərəqqi, incəsənətdə, ədəbiyyatda, elmdə intibahla ölçülüb. Əsrlərdən bizə qalan ən zəngin dəyər elə mədəni irsdir. Bir yapon məsəlində deyildiyi kimi, dünyada hər şey unudulandan sonra qalanvarsa, mədəniyyətdir. Çağımızda da tərəqqi cəm halında mədəniyyəti ehtiva edir. Yerin altını, göyün yeddi qatını bilən yüksək texnologiyalar da, bir yerdə görülən abadlıq işi, çəkilən yol da geniş anlamda mədəni tərəqqiyə işarədir...

Azərbaycan mədəniyyətinin də min illərdən üzü bəri keçib gəldiyi uzun yol var. Onun əhəmiyyətli bir hissəsi son onilliklərə, ölkəmizin müstəqillik dövrünə aiddir. Bu zəngin tarixin salnaməsi isə böyük ölçüdə mətbuat səhifələrindədir.

Respublikamızda mədəniyyətlə bağlı nəşrlər ötən əsrin 20-30-cu illərindən müxtəlif adlar altında işıq üzü görüb. Mədəniyyət qəzeti 1991-ci ildən nəşr olunur. Müstəqilliyimizin yaşıdı olmaqla bərabər, qəzet bu illərdə mədəni irsimizi, incəsənətimizi, ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətini, dünyanın bir çox guşələrində Azərbaycan mədəniyyəti adına təşkil olunan tədbirləri, eləcə də vətənimizin gəzməli-görməli zənginliklərini, xalqımızın qonaqpərvərlik ənənələrini səhifələrində işıqlandırıb.

Bu illərdə müxtəlif çap formatlarında, rəngli, ağ-qara səhifələrlə, fərqli dizaynlarla işıq üzü görən qəzetimizin simasını yeniləmək qərarına gəldik. Niyyətimiz forma(t) dəyişikliyini məzmun dolğunluğu ilə də tamamlamaqdır. Çünki həyatın axını dəyişiklik deməkdir. Hələ onun bir məcrası mədəniyyətlə bağlı isə, vizual yaddaşı təzələmək ələlxüsus vacibdir. Ötən əsrin unudulmuş filosoflarından biri (həm də jurnalist) Qriqori Landau yazırdı ki, mədəniyyətdə təməl zirvələrdir. Fəth edilən zirvə yeni yolun başlanğıcı olur. Azərbaycan mədəniyyətinin tarixində sonradan təmələ, məktəbə çevrilən çox zirvələr olubolacaq. Ölkəmizin tərəqqisi mədəniyyətimiz üçünyeni üfüqlər açır. Bu tarixin yazıldığı mətbu səhifələrdə imzası olmaq isə həm məmnuniyyət, həm də məsuliyyətdir...

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.2.