Nakam şairin yubileyinə dəyərli töhfə

Oktyabrın 5-də Milli Kitabxanada Mikayıl Müşfiq. Biblioqrafiya kitabının və Mikayıl Müşfiq-110 elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq şairin həyat və yaradıcılığından bəhs etdi, Milli Kitabxana tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından hazırlanan nəşrin Müşfiq haqqında ilk fundamental biblioqrafiya olduğunu söylədi. Qeyd edildi ki, biblioqrafiya şairin ədəbi fəaliyyətini, həyat və yaradıcılığını əks etdirən, 1926-2018-ci illərdə dərc olunmuş materiallar əhatə olunub. Nəşrdə Mikayıl Müşfiqin həyat və yaradıcılığının əsas tarixləri, Mikayıl Müşfiq poeziyasından nümunələr, Görkəmli şəxsiyyətlər Mikayıl Müşfiq haqqında bölmələri yer alıb.

Sonra Müşfiq haqqında qısa film nümayiş olundu.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. İyun ayında şairin Bakıdakı abidəsi önündən start götürən yubiley tədbirləri Müşfiqin doğma yurdu Xızı rayonunda, həmçinin digər regionlarda davam edir.

Biblioqrafiyanın tədqiqatçılar üçün dəyərli vəsait olduğunu deyən Vaqif Əliyev Milli Kitabxana tərəfindən son illərdə hazırlanan sanballı nəşrlərin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Mikayıl Müşfiqin yaradıcılığı xalqımızın mədəni-mənəvi inkişafına xidmət edir. Şairin əsərləri ədəbiyyat tariximizdə mühüm yer tutur, xalqımızın yaddaşında bir nəğmə kimi yaşayır.

Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxışında Mikayıl Müşfiq şeirlərində gənclik ruhunun duyulduğunu, nakam taleyinin hər bir insanın ağrısına çevrildiyini söylədi.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev şairin qısa yaradıcılıq dövründə yaddaşlarda qalan şeirlər yaratdığını, Azərbaycan xalqının Müşfiqi heç zaman unutmadığını, şairin bir vaxtlar işlədiyi 18 nömrəli məktəbin hazırda onun adını daşıdığını bildirdi. Qeyd olundu ki, şairin yaradıcılığı haqqında sanballı monoqrafiyalar, dissertasiyalar yazılıb. Yeni işıq üzü görən biblioqrafiya da tədqiqatçılar üçün qiymətli mənbədir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin müdiri şair Ənvər Əhməd, şair, publisist, tərcüməçi Səlim Babullaoğlu, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Mikayıl Müşfiqin çətin həyat yolu və zəngin bədii yaradıcılığından danışaraq biblioqrafiyanın və elektron məlumat bazasının ərsəyə gəlməsinə görə Milli Kitabxananın kollektivinə təşəkkürlərini bildirdilər.

Sonda Mikayıl Müşfiq-110 elektron məlumat bazasının təqdimatı oldu.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 10 oktybar.- S.3.