Aydınlığa xidmət edən yubilyarın şərəfinə

 

 

 

Aydın Talıbzadənin 60 yaşı tamamdır. Bəlkə də yaşanan ömrü zaman ölçü vahidləri ilə hesablasaq, çox da böyük rəqəm deyil. Hərçənd görülən işlər, yazılan əsərlər, edilən çıxışlar, söylənilən mühazirələr, bildirilən rəylər rakursundan baxsaq, Aydın müəllim əməllicə dolğun, mənalı bir ömür yaşayıb. Özübu ömrü təkcə məşğul olduğu sənətin çərçivəsinə sıxışdırmadan öz adına yaraşan tərzdə, Aydınlığa, Aydınlaşdırmağa həsr edilən ömür yaşayıb.

Nədənsə hərdən-hərdən Aydın müəllimi Dədə Qorqudun cavanlığına oxşadıram. Həm də təkcə zahirən yox!.. Çünki bu bənzətmənin kökünü dərin qatda axtarmaq lazımdır. Ona görə ki insan düşüncəsində müdriklik rüşeymləri ilə ya doğulur, ya da ki doğulmur. O üzdən də Aydın müəllimi yazılarından çoxdan və yaxşı tanıyan, seyrək də olsa, onunla teatr foyelərində görüşən, ya da festival günlərində saatlarla sənətdən, mədəniyyətdən, həyatdan uzun-uzun söhbətlər etmək şansı qazanan biri kimi ürəklə deyə bilərəm ki, yubilyar teatrşünasımız  zəmanəmizdə bizim teatrımızın əsl Dədə Qorqududur. Özü də tərifi nədir, təqdiri belə teatr insanlarından ötrü ən yaxşı qiymətdir, tənqidi isə ən tutarlı təhlildir. İstəsə, tamaşa barədə yazısına elə dəqiq ad qoyar (məsələn, “Məşədi İbad  əvəzinə “Məşədi Sənəm”) ki, ilk cümləsini oxuyandan sonra sənin də baxdığın tamaşaya münasibətin 180 dərəcə dönər, öz-özünə sual verərsən ki, əcəba, mən də həmin tamaşaya baxdım, niyə Talıbzadənin gördüyünü görmədim? Elə bu məqamda rəhmətlik anamın sevdiyi kəlam yadıma düşür: bir var baxan göz, birvar görən göz. Hər hansı tamaşanı da baxan gözlərlə deyil, Aydın Talıbzadə kimi görən gözlərlə seyr etmək hünəri, üstəlik, ilk seyrdən hər məqamı tutub vizual yaddaşa, yaddaşdan da yazıya dəqiqliklə köçürmək məharəti hamıda demirəm, yazarların çoxunda olsaydı, o zaman Azərbaycanda çağdaş teatr prosesinin axarı da köhnə kişilər demişkən, alayı cür olardı.

Sənət aləmində belə bir yazılmamış (bəlkə də hardasa yazıblar, nəzəriyyədən zəifəm deyə, bilmirəm) qanun var: modelyer, dizayner, memar kimi rejissor da öz əsərini işə başlamamışdan tam görməlidir ki, çabaları hədər getməsin. Əslində bu sayaq baxıb görməyi teatr, musiqi, sənət tənqidini, təhlilini öz sənət missiyası seçmiş kəslər də bacarmalıdır. Amma gərək bundan ötrü də yazıçı, ssenarist, tənqidçi, teatrşünas, kulturoloq, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə olmaq lazımdır ki, görüb hiss etdiklərini çatdıra biləsən.

Aydın Talıbzadənin təkcə resenziyalarını deyil, sırf nəzəri və nəzəri-kütləvi irihəcmli əsərlərini oxuyanlar bilsə də, xatırlatma olsun deyə yazım ki, müəllif bir araşdırmasında səhnədə, ekranda cəmi bir neçə dəqiqə davam edən epizodu elə xırdalıqlarına qədər açıb çözür ki, belə araşdırmanın ərsəyə gəlməsindən ötrü illərini sərf etdiyini düşünürsən. İndi teatra sıravi tamaşaçıdan bir köynək yaxın olan kimsə dodaqlarını büzüb deyə bilər ki, nə olsun, filankəsin kitablarının sayının yanında Aydın Talıbzadənin kitablarının sayı çox kiçik rəqəmdir. Bəs sanbal? Bəs sözün çəkisi? Birki təkcə kitab deyil axı?...

...Bu araşdırmaların arxasında hətta ən maraqsız tamaşaya əvvəldən sonadək səbirlə baxmağı var...

... Müəllim kimi dərsə hazırlaşmaq, kafedranın cari və qayğıları ilə məşğul olmaq, teatr düşüncəsi və sevgisi televizorda baxdığı tamaşalarla formalaşan tələbələrə keçilən dərsdə vaxt itirmək var...

...Çağdaş  dünya və Vətən teatr prosesini, dramaturgiyanı izləmək, beynəlxalq və yerli konfranslara qatılmaq, onlarda çıxışlara hazırlaşmaq var...

Bu məqamda sadalamaları saxlayıb Dədə Qorqud sayağı alqışa keçməyin zamanı yetişdi, məncə.

Aydın müəllim! Canınız sağlam, ömrünüz uzun, teatrı və Azərbaycanı sevən qəlbiniz möhkəm, sənət məhəbbətiniz əbədi, fikriniz iti olsun! Düşüncənizin ziyası, teatrı görən gözlərinizin nuru əskilməsin! 

60 yaşın dizini qatlayan Aydın Talıbzadənin yubileyi münasibətilə yazılan bu təhlili-sağlıqnamədə yubilyarın ardıcılı olmaq istəyənlərə də bir alqışım var: siz də AYDINlığa çıxasınız!

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 10 oktyabr.- S.4.