Məmməd Araz poeziya günü layihəsinə və şeir müsabiqəsinə yekun vurulub

 

Bilik Fondu, Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə III Məmməd Araz poeziya günü layihəsinin yekun tədbiri və şeir müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Şairin anadan olmasının 85 illiyinə həsr olunmuş layihənin rəhbəri Qardaşxan Əzizxanlı keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Bildirib ki, aprel ayında Qazax rayonundan başlanan ədəbi görüşlər İsmayıllıda, Neftçalada, Bakının Xətai rayonundakı Zəkalar liseyində davam etdirilib. Layihə çərçivəsində keçirilən müsabiqəyə 30 şəhər və rayondan 50-dək müəllif şeirlərini göndərib.

Sonra münsiflər heyəti adından tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova şeir müsabiqəsi qaliblərinin adlarını açıqlayıb. Şairlər Xalid Mahmud I, Mina Rəşid II, İbrahimxəlil III yerə layiq görülüblər. Şairlərdən Ağasəfa, Mayis Səlim və Əlizadə Nuriyə, həmçinin ustad şairin şeirlərinin ifası üzrə seçim turunun qalibi olmuş Xəzər Universitetinin tələbələrinə və Zəkalar liseyinin şagirdlərinə diplom və təşəkkürnamələr təqdim olunub.

Mükafatları Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, şairin qızı, Ədalət qəzetinin baş redaktoru İradə Tuncay, şair Dilsuz, Bilik Fondunun təmsilçisi Hacı Abdulla Nərimanoğlu təqdim ediblər.

Bədii hissədə Qədim Musiqi Alətləri Ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynova, Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova, aşıq Solmaz Kosayeva, müğənnilər İlham Əsgəroğlu və Məhsəti Cabbarova çıxış edib. Moskva Dərviş Teatrının aktyoru Şirzad Pirallahı Məmməd Arazın Ayağa dur, Azərbaycan şeirini söyləyib.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.5.