Kinoklubda Cümhuriyyət tələbələri nümayiş etdirilib

 

Bilik Fondunun Mədəni maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən Kinoklubun üzvləri Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdindəki Pedaqoji Kollecdə ARB Aranfilmin yaradıcı heyəti ilə görüşüblər.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı iştirakçılara həyata keçirilən maarifləndirici layihələr barədə məlumat verib. Bildirib ki, Kinoklub gənclərin estetik zövqünün formalaşdırılması ilə yanaşı, maarifləndirici elmi-kütləvi sənədli filmlərin nümayişi, sosial video-çarxların hazırlanması, qısametrajlı filmlərin çəkilməsi, ssenarilərin yazılması, həmçinin yaradıcı insanlarla görüşlərin təşkili məqsədilə yaradılıb.

Tədbirdə ARB Aranfilmin bədii rəhbəri Tahir Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühazirə ilə çıxış edib. Daha sonra Tahir Əliyevin Cümhuriyyət tələbələri sənədli filmi nümayiş olunub.

Film ətrafında fikir mübadiləsi aparılıb, yaradıcı qrup tələbə-tamaşaçıların suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.7.