Məqsədimiz türk mədəniyyətini Rusiyada tanıtmaq və təbliğ etməkdir

 

 

 

2019-cu ildə qarşılıqlı olaraq Türkiyədə “Rusiya ili”, Rusiyada isə “Türkiyə ili” keçiriləcək

Artıq yeddi aydır ki, Rusiyanın paytaxtı Moskvada Türkiyənin Yunus Əmrə İnstitutu fəaliyyətə başlayıb. Mədəniyyət mərkəzinin rəhbəri Ankara Qazi Universitetinin professoru, klassik ədəbiyyat üzrə mütəxəssis Ömər Özkandır. Onunla söhbətimiz Yunus Əmrə İnstitutunun Moskvadakı fəaliyyəti, hədəfləri, gələcək layihələri, ölkələrarası əlaqələrdə rolu barədədir.

 

- Ömər bəy, siz həm də belə demək mümkünsə, Yunus Əmrə İnstitutunun  Moskvadakı qurucu müdirisiniz. Bəlkə söhbətimizə buradan başlayaq...

- Mən 1993-cü ildən bəri Ankara Qazi Universitetində çalışıram. Rusiyaya gəlməzdən öncə Krımda universitetdə çalışdım. Moskvadakı fəaliyyətimə gəlincə, 2012-ci ildə Rusiya ilə Türkiyə arasında  “Qarşılıqlı mədəniyyət mərkəzlərinin açılması haqqında” bir anlaşma imzalanıb. Bu anlaşmaya əsasən, Ankarada Rusiyanın Elm və Mədəniyyət Mərkəzi, Moskvada Yunus Əmrə İnstitutu açıldı. İki il öncə burayaYunus Əmrə İnstitutunun Moskva mədəniyyət mərkəzini qurmaq üçün təyinat aldım. Bu prosesləri bitirdikdən sonra, 7 ay bundan əvvəl artıq institutun açılış mərasimini keçirdik. Bildiyiniz kimi, Yunus Əmrə İnstitutu Türkiyə dövlətinin rəsmi mədəniyyət mərkəzinin adıdır. Dünyanın müxtəlif şəhərlərində belə mərkəzlər fəaliyyət göstərir, Moskva sayca 57-ci oldu. Yəni bizim bütün fəaliyyətimiz dövlət səviyyəsində qarşılıqlı işbirliyinə əsaslanır. Mərkəzin məqsədi Türkiyəni, türk tarixini, mədəniyyətini və incəsənətini tanıtmaq və tanımaq istəyənlərə də bu imkanı yaratmaqdır. Rusiya paytaxtında bu hədəflərimiz istiqamətində fəaliyyət göstəririk.

 

- Eşitdiyimizə görə, türk dili kursları açmısınız. Bu kurslara ruslardan savayı digər ölkə vətəndaşları da gəlirmi?

- Kurslara tələbat var. Yerli xalq, yəni ruslar daha çoxdur. Hazırda 60-70 arasında tələbə var. Dərsləri Türkiyədən gələn, əcnəbilərə türk dili öyrətmək təcrübəsi olan müəllim keçir. Əvvəl İordaniyada çalışıb. Həftənin 6 günü dərslər olur. Bildiyiniz kimi, Türkiyəyə gələn turistlər arasında da rusiyalılar üstünlük təşkil edir. Ümumiyyətlə, Rusiyada Türkiyəyə qarşı böyük maraq var. Zatən tarixi proseslərin gedişində ruslarla davamlı şəkildə təmasda olmuşuq.

Məsələn, Moskvada universitet, akademiya və müəyyən mərkəzlərin türkologiya bölümləri var. Bu bölümlər, orada oxuyan tələbələrlə işbirliyimiz var. Türk mədəniyyəti günü, kino günləri, konfranslar düzənləyirik. Bütün tədbirlərə də maraq göstərildiyinin şahidi oluruq.

 

- Ömər bəy, bir az konkretləşdirsək, qısa müddətdə Moskvada hansı tədbirləriniz olubbu proqramlar hansı qurumlarla əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir?

- Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Rus-Türk Araşdırma və Təhsil Mərkəzi ilə əməkdaşlıq əsasında “Türkiyə günükeçirdik. Tədbirə Moskvadakı səfirimiz Hüseyn Diriöz də qatıldı. Türkologiya bölümündə təhsil alan tələbələr türk mədəniyyəti və tarixi ilə bağlı proqramlarla çıxış etdilər: şeirlər, mahnılar oxudular, rəqs etdilər. Kiçik bir konsert mərasimindən sonra türk mətbəxinə məxsus yeməklər təqdim olundu. Bundan başqa, mərkəzdə türk filmlərinin təqdimatını keçiririk. Məsələn, Cem Yılmazın ssenarisi əsasında çəkilən “Hoqqabaz” filminə Moskva tamaşaçısı böyük maraq göstərdi. Avqust ayında isə Yunus Əmrə İnstitutu olaraq Moskvada keçirilən Türk Festivalına qatıldıq. Stendlərimizdə mədəniyyət mərkəzimiz, fəaliyyətimiz və dil kurslarımız haqqında qonaqlarımıza məlumat verdik.

 

- Xaricdəki Yunus Əmrə institutlarının fəaliyyəti konkret ölkənin şərtlərinə görə qurulur, yoxsa hər birinin hədəfləri, istiqamətləri eynidir?

- Hər birinin fəaliyyəti eynidir. Dövlətin bir qurumu olduğu üçün ortaq bir fəaliyyət hesab olunur. İlk növbədə həyata keçirdiyimiz fəaliyyət türk dili dərslərinin tədrisidir.

 

- Qarşıdakı günlərdə nə kimi tədbirləriniz gözlənilir?

-  Oktyabrın 24-də Moskvanın “Arkadiya” ticarət mərkəzindəki salonların birində Türk filmləri günlərinin açılış mərasimi keçiriləcək. Üç gün dalbadal rus dilində alt yazılı türk filmləri nümayiş etdirəcəyik. Noyabrın 13-də isə yenə də bizim mərkəzimizin təşkilatçılığı ilə burada Türkiyə tarixçisi İlber Ortaylı və türkoloq Dmitri Vasilyev Rusiya və Türkiyə əlaqələrinin gələcəyi ilə bağlı söhbət edəcəklər.

2019-cu il qarşılıqlı olaraq Türkiyədə “Rusiya ili”, Rusiyada isə “Türkiyə ilielan olunub. Bu il çərçivəsində də qarşılıqlı fəaliyyətlərimiz – film günləri, konfranslar, konsertlər, xatirə günləri kimi tədbirlərimiz olacaq. Məsələn, xatirə günləri çərçivəsində Türkiyə şairi Nazim Hikmət anılacaq.

 

- Rusiya türkoloqları ilə əlaqələriniz necədir?

- Mən onlara öz minnətdarlığımı bildirirəm. Zatən bizə ən böyük dəstək verənlər də onlardır. Rusiya türkoloqları ilə sıx işbirliyimiz var. Onlar bizə, bizonlara qarşılıqlı layihələr təklif edirik. İlber Ortaylı və Dmitri Vasilyevin verəcəkləri konfrans da türkoloqlarla ortaq işbirliyimiz çərçivəsində gerçəkləşəcək.

 

- Müasir dünyada mədəniyyətlərarası dialoq ölkələrin, xalqların yaxınlaşmasında müəyyən rol oynayır. Türkiyə və Rusiya arasında da müəyyən səbəblər üzündən soyuqluq yaşansa da, indi vəziyyət normallaşmağa doğru gedir. Əlaqələrin inkişaf etməsində Yunus Əmrə İnstitutunun rolunu necə görürsünüz?

- Mədəni bağlar münasibətlərdə ən sağlam bağlardır. Rusiya və Türkiyəyə gəlincə, bunlar tarixdə mürəkkəb münasibətləri, amma ortaqlığı da olan iki böyük dövlətdir. Biz fəaliyyətimizlə həm də bu bağları dönə-dönə xatırladırıq. Məsələn, elə açılış mərasimimiz zamanı Rusiya Federasiyasının Ankaradakı səfiri, mərhum  Andrey Karlovun xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirildi. Sərgidə Karlovun ailəsinin şəxsi arxivindən – onun universitet illərindən diplomatik həyatınadək fotoşəkillər nümayiş etdirildi. Bundan başqa, Rusiya vətəndaşlarının çoxu bizim türk dili kurslarımızla maraqlanır. Bununla da moskvalılarla bir könül körpüsü yaradırıq. Türkiyəni onlara ən yaxşı şəkildə tanıtmağa çalışırıq. Düşünürəm ki, bu fəaliyyətlərimizlə qarşılıqlı olaraq bir-birimizi də tanıyırıq. Aradakı münasibətlərə gəlincə, Rusiya ilə Türkiyənin münasibətləri yaxşı olarsa, biz daha asan işbirliyi qura bilərik.

P.S. Mərkəzə gələn Rusiya vətəndaşları ilə söhbət əsnasında bəlli oldu ki, xüsusilə Türkiyə seriallarına maraqları böyükdür. Məsələn, ev xanımları bu serialları seyr etdiklərini söyləyirlər, daha yaxşı anlamaq üçün türk dili dərslərinə gəldiklərini deyirlər. Tələbələr də daha çox Türkiyədə magistratura, doktoranturada təhsil alma imkanlarından faydalanmaq üçün dil kurslarına gəlirlər.

 

Mehparə SULTANOVA

Moskva

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.5.