Alim sözü, alim fırçası

 

 

“Alimlər-rəssamlar” kitab-kataloqu haqqında düşüncələr

 

Alim sözü böyük sözdür. O, elmin qapılarını açır, insanları, cəmiyyəti inkişafa, tərəqqiyə yönəldir. Elmdən, alimlərdən söz düşəndə böyük Nizaminın aşağıdakı məşhur misraları qulağımızda səslənir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Doğru deyilmiş sözdür. Yazıldığı vaxtdan səkkiz əsrdən çox ötsə də, yenə aktuallığını qoruyub saxlayır. Lakin mən bu gün alimlərin elmi fəaliyyətindən deyil, bədii yaradıcılığından, rəssamlığından söz açmaq istəyirəm. Və burda təəccüblü heçyoxdur. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan əməkdaşların içərisində bədii istedad sahibi olanlar az deyil. AMEA-da vaxtaşırı rəsm sərgiləri keçirilir. Bu sərgilərdə müxtəlif institutlarda çalışan əməkdaşlar iştirak edirlər. Lakin say etibarilə onların arasında Memarlıq və İncəsənət İnstitutunun işçiləri daha çoxdur. Ümumiyyətlə, AMEA-da rəsm sərgilərinin təşkil edilməsi Memarlıq və İncəsənət İnstitutuna həvalə olunub. Çünki sahə etibarilə bu institut bilavasitə sənətlə əlaqədardır. İnstitutda rəssamlıq qabiliyyətinə malik xeyli sayda elmi işçi, eləcə də peşəkar rəssamlar çalışırlar.

AMEA-da ilk belə sərgi 2015-ci ildə, akademiyanın 70 illik yubileyi çərçivəsində təşkil olunmuşdu. Ötən müddətdə 10-a yaxın sərgi keçirilib. 2017-ci ildə işıq üzü görən “Alimlər-rəssamlar” adlı kitab-kataloq bu sərgilərə həsr edilib.

Kitab-kataloqu bir növ hesabat nəşri də adlandırmaq olar. AMEA Memarlıq və İncəsənət İnstitutunun nəşr etdirdiyi kataloqda səkkiz sərginin məlumatları yer alır. Azərbaycan, ingilisrus dillərində çap olunmuş kataloqun tərtibçisi Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur. Kataloq AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik, sözügedən sərgilərin keçirilməsinin ideya müəllifi İsa Həbibbəyli kataloqa geniş ön söz yazıb. Sərgilərin kuratoru AMEA Humanitar elmlər bölməsinin akademik katibi, akademik Teymur Kərimli, təşkilatçısı və icraçısı AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadədir.

Nəşrlə tanış olduqca, onu vərəqlədikcə görkəmli alimlərin, tədqiqatçıların bədii duyumunun, rəssamlıq fəaliyyətinin yeni-yeni çalarları aşkara çıxır. Onların arasında akademik Şamil Fətullayev, müxbir üzv Kərim Kərimov, Əməkdar incəsənət xadimi Elturan Avalov, istedadlı qobelen ustası Tamilla Abdullayeva, ağac üzərində yonma sənəti ilə məşhur olan Seyfəddin Məmmədvəliyev, qocaman sənətkar Fəxrəddin Əli və başqaları var. Bu insanlar elm ilə məşğul olmaqla yanaşı, həm də rəngarəng yaradıcılıq nümunələri ilə cəmiyyətdə populyarlıq qazanmışlar.

Mərhum akademik Ş.Fətullayev görkəmli alim, memarlıq mütəxəssisi olmaqla yanaşı, həm də istedadlı rəssam idi. Onun qrafik üslubda işlədiyi Bakının klassik memarlıq abidlərinin təsvirləri yüksək bədii xüsusiyyətləri ilə seçilir. Geologiya-mineralogiya sahəsində tanınmış mütəxəssis K.Kərimovun karikaturaları öz duzlu-məzəli görünüşü, həmçinin kəskin süjet xətti, ifşaedici satirası ilə diqqət çəkir. Xüsusən bədnam erməni separatçılarının üzdəniraq əməlləri bu karikaturalarda hiddətlə qamçılanır. Memar E.Avalovun həm memarlıq təsvirləri, həm də müxtəlif süjetlərdə işlədiyi kompozisiyaları peşəkar xarakterə malikdir. Onun Şuşa, Şəki, İçərişəhər təsvirləri istər memarlıq, istərsə də rəssamlıq baxımından mükəmməl təsir bağışlayır. İstedadlı rəssam Səyyad Bayramovun yağlı boya ilə işlədiyi əsərlər, memar Rizvan Qarabağlının “Əsir düşmüş abidələrimiz” seriyasından çəkdiyi kiçikölçülü qrafik vərəqlər, Leyla Məmmədkərimovanın pastel və digər texnikalarda yaratdığı natürmortlar, Xəzər Zeynalovun sulu boya ilə çəkdiyi rəsmlər və portretlər əksər sərgilərdə nümayiş olunub. Aysel Talıbzadənin kompüter qrafikası, Günel Seyidəhmədlinin əbru texnikasında işlədiyi əsərlər, öz karikaturaları ilə respublikada yaxşı tanınan, AMEA Folklor İnstitutunda çalışan Soltan Soltanlının karikaturaları da kataloqa daxil edilib. İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Səbinə Məmmədzadənin müxtəlif texnikalarda işlədiyi əsərlər də müxtəlif sərgiləri bəzəyib və kataloqda yer alıb. Oksana Məmmədova, Şəhribanu Əbdüləziz, Vəfa Əliyeva və başqa gənclərin də yaradıcılığı diqqət çəkir. 

Sözügedən kataloq bu mövzuda işıq üzü görən ilk belə nəşrdir. Nəşr elm xadimlərinin bədii mədəniyyət sahəsində böyük uğurlara imza atmasından xəbər verir. AMEA-da bu gün də müxtəlif rəssamlıq sərgilərinin keçirilməsinə hazırlıq gedir, müxtəlif institutların əməkdaşları bu işə cəlb olunurlar. Ümid etmək olar ki, AMEA-da gələcəkdə də maraqlı rəsm sərgiləri keçiriləcək, yeni kataloqlar nəşr ediləcək. Bu yolda rəssam qəlbli, sənətkar duyumlu alimlərimizə uğurlar diləyirik.

 

Ağaəli İBRAHİMOV

Xalq rəssamı, professor, Azərbaycan Rəssamlar İttifaqının katibi

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.6.