Kino salnaməmizə fotolarla səyahət

 

 

Milli kinematoqrafiyanın 120 illiyinə həsr edilmiş fotosərgi

 

Bu il Azərbaycan kinosunun yaranmasının 120 illiyi qeyd olunur. Milli kino sənəti ötən müddətdə zəngin inkişaf yolu keçib, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif tədbirlər keçirilir.

Oktyabrın 12-də daha bir tədbir Muzey Mərkəzində gerçəkləşdi. “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi izləyənləri bir daha keçmişə qaytardı.

Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev layihə haqqında məlumat verdi. Bildirdi ki, sərgi Mədəniyyət Nazirliyi və Dövlət Film Fondu ilə birgə təşkil olunubfondda qorunub saxlanılan nadir fotolar nümayiş etdirilir: “Bu gün biz ötən zamanla qarşılaşırıq. Bu fotolarda indi bizim sevə-sevə izlədiyimiz filmlərin çəkiliş anları əks olunub. Fotolar imkan verir ki, həyatda olmayan mərhum kino sənətkarlarımızı yad edək. Bu mənada sərgi olduqca əhəmiyyətlidir”.

Diqqətə çatdırıldı ki, Azərbaycan Dövlət Film Fondunda milli kinomuzun müxtəlif məqamlarını əks etdirən minlərlə foto saxlanılır. Bunların arasında müxtəlif fotoqraflar tərəfindən çəkilmiş film istehsalı proseslərini əks etdirən fotoşəkillər xüsusilə diqqəti cəlb edir. Bu fotoşəkilləri nəzərdən keçirəndə sanki Azərbaycan kinosunun səhifələrini vərəqləyirsən.

Belə sərgilərin tez-tez təşkil olunmasının vacibliyini qeyd edən Cəmil Quliyev milli kinomuzun 120 illiyi münasibətilə keçirilən bütün tədbirlərin mədəni irsimizin yaşadılması üçün faydalı olduğunu vurğuladı.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyev çıxış edərək milli kinonun keçdiyi inkişaf yoluna nəzər saldılar, sərgi haqqında fikirlərini bölüşdülər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular. Ekspozisiyada sovet dövründə lentə alınmış Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50-dək foto nümayiş etdirilir.

Sərgidə “Bir qalanın sirri”, “Qayınana”, “Qəzəlxan”, “Axırıncı aşırım”, “Babək”, “O olmasın, bu olsun”, “Böyük dayaq” və digər filmlərin çəkiliş proseslərindən  fotolar yer alıb. Fotolara baxanda insan özünü bir anlıq çəkiliş meydançasında hiss edir. Sanki qulaqlarımızda “Diqqət, çəkilişə başlayırıq!”, “Motor!” səsləri eşidilir.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.4.