Regionlarda mədəni inkişafın təşviqi üçün yeni layihələr həyata keçiriləcək

 

 

Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib

 

Ölkə başçısının tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul etdi.

Nazir qəbuldan əvvəl Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.

Mingəçevirdən qəbula yazılan sakinlər şəhərdəki Mərkəzi kitabxanaya tibb, iqtisadiyyat, tarix, turizm və dilçiliyə aid yeni ədəbiyyatların verilməsi, şəhər Mədəniyyət mərkəzinin Xalq yaradıcılığı filialına yenidən Xan Şuşinskinin adının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.

Yevlax sakinlərinin müraciətləri gənc mədəniyyət işçilərinin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsabiqələrin (brain-rinq) keçirilməsi, televiziyalarda regionların mədəni həyatının geniş şəkildə işıqlandırılmasına köməklik göstərilməsi, Xalq teatrı aktyorlarının peşəkarlığının artırılması üçün ustad dərslərinin təşkili barədə idi.

Bərdədən qəbula gələn vətəndaşlar tərəfindən küçə rəssamlıq sənətinin inkişafına dəstək verilməsi, Döyüş şöhrəti muzeyinin yaradılması, görkəmli yazıçı Mir Cəlalın 110 illiyinə həsr olunmuş respublika üzrə gənc yazıçılar arasında müsabiqə keçirilməsinə köməklik edilməsi, işlə təmin olunma barədə müraciətlər oldu.

Ağcabədi sakinləri şəhər Uşaq musiqi məktəbinə görkəmli xanəndə Zülfü Adıgözəlovun adının verilməsi, Mərkəzləşdirilmiş kitabxana sistemi üçün inzibati binanın tikilməsi, rayondakı Rəsm qalereyasına yeni əsərlərin verilməsini xahiş etdilər.

Tərtər sakinləri qeyri-maddi irsimizin geniş şəkildə təbliğ edilməsi məqsədilə regionlararası festivalların təşkil olunması, regionların özünəməxsusluğunu əks etdirən məlumatlardan ibarət kitabların nəşr edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət etdilər.

Ağdam və Laçından qəbula gələnlərin müraciətləri ləğv olunmuş klub müəssisələrində olan ştat vahidlərinin rayon Mədəniyyət mərkəzinə verilməsi, eləcə də Mədəniyyət mərkəzi və onun filiallarının müvafiq əyani vəsaitlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin portretləri ilə təmin olunması və digər məsələlər barədə idi.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.

* * *

Ölkənin regionlarında mədəni irsin təbliği, mədəni həyatın daha da canlandırılması məqsədilə yeni layihələr həyata keçiriləcək. Bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev Mingəçevirdə jurnalistlərə açıqlamasında bildirib (Report.az).

Nazir qeyd edib ki, Azərbaycanın bölgələrini əhatə edən geniş mədəni tədbirlər planı hazırlanıb: “Məsələn, bu yaxınlarda “Bölgələrdən bölgələrə” layihəsini uğurla həyata keçirdik. Amma bu, kifayət deyil. Yaxın perspektivdə paytaxtla yanaşı, regionlarda da çox sayda yerli və beynəlxalq əhəmiyyətli müsabiqə və festivallar keçirmək niyyətindəyik. Bu yolla Azərbaycanın bölgələrində də mədəni inkişaf sürətlənəcək”.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.4.