Bəstəkarlarımızın müstəqillik dövrü yaradıcılığından söz açılıb

 

 

 

Oktyabrın 18-də Bəstəkarlar İttifaqında “Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı” adlı elmi-praktiki konfrans keçirilib.

Ölkəmizin müstəqilliyini bərpa etməsinin 27-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadisosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqın çağırışı ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas oldu. İctimai-siyasi sabitlik bütün sahələrdə islahatlara zəmin yaratdı, digər sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət sahəsində də yeni inkişaf mərhələsi başlandı.

F.Əlizadə çıxışı zamanı Azərbaycan bəstəkarlarının fəaliyyəti, musiqi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Sonra əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Həcər Babayeva, professor Cəmilə Həsənova və başqalarının məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.2.