Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var

 

 

 

Oktyabrın 22-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı həyata keçiriləcək təşkilati işlər müzakirə olundu.

İşçi iclasda mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov, Sevda Məmmədəliyeva, nazirliyin aidiyyəti üzrə əməkdaşları və digər dövlət orqanlarının nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəsinin olduğunu vurğuladı. Qeyd etdi ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirildiyi bir vaxtda ölkəmizdə bir neçə digər böyük tədbirlər də keçiriləcək. Bildirildi ki, Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Nazir vurğuladı ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda xarici ölkələrdən 400-dən çox qonaq, 160 nəfərdən çox yüksək səviyyəli nümayəndə iştirak edəcək.

Əbülfəs Qarayev beynəlxalq tədbirin təşkili ilə bağlı danışaraq bildirdi ki, Forumun keçirilməsi işində iştirak edən hər bir dövlət orqanı öz hazırlıqlarını yekunlaşdırıb: “Artıq xarici ölkələrdən qonaqlarımız gəlməyə başlayıb. Bu işçi iclası keçirməyimizdə əsas məqsəd də qonaqların yerləşdirilməsindən tutmuş, tədbirlərdə iştirakını yüksək səviyyədə təmin etmək üçün qarşımızda duran məsələləri müzakirə etməkdir. Hər bir şəxs üzərinə düşən tapşırıqları layiqincə həyata keçirməlidir”.

İclasda həmçinin Forum iştirakçılarının asudə vaxtlarının təşkili, mədəni proqramlarda iştirakı, Bakı şəhəri ilə tanışlıq kimi məsələlərə də toxunuldu. Ölkəmizin bu günə qədər çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan nazir bu Forumun da yüksək səviyyədə keçiriləcəyinə əminliyini dilə gətirdi.

Sonda Əbülfəs Qarayev VI Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.2.