Gənclərin sərgisi təşkil edilib

 

 

Oktyabrın 22-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystall HalldaEkoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən əsərlərlə tanış olub.

Layihənin məqsədi gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır. Sərgidə 14-29 yaşlı 200-dək gəncin dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda əsərləri nümayiş etdirilib.

Tədbirdə ustad dərsləri keçirilib, gənclərin iştirakı ilə eko-tamaşa, səhnəciklər, viktorinalar təşkil olunub. Sonda sərginin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, sərgi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasını təmin etmək məqsədilə keçirilib.

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.3.