Eyni səhnədə 50-ci dəfə

Amerikalı kürəkənin növbəti tamaşası müəllif Marat Haqverdiyevin 80 illiyinə həsr edilmişdi

 

Oktyabrın 20-də Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin 80 illik yubileyi münasibətilə Amerikalı kürəkən tamaşası nümayiş olundu.

Tamaşadan əvvəl teatrın ədəbi-dram hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı səhnəyə çıxaraq yubilyarı təbrik etdi, ədibin yaradıcılığından söz açdı. Bildirdi ki, ixtisasca memar olsa da, teatrteleviziya tamaşaları üçün maraqlı əsərlər yazan Marat Haqverdiyev 80 illik ömrünü alnıaçıq, yaradıcı əhvalla yaşayıb: Bu gün biz teatrın səhnəsində ilk dəfə 29 may 2010-cu ildə göstərilən bu tamaşanın 50-ci nümayişini müəllifin yubileyinə həsr etmişik. Hər bir yazıçının ən xoşbəxt günü onun əsərinin ekran və səhnə həlli tapdığı gündür. Bu mənada müəllifi xoşbəxt sənətkar adlandırmaq olar. Çünki təkcə Musiqili teatrın səhnəsində onun iki əsəri bu gün də sevilərək izlənilir. Marat müəllimin əsərləri qardaş Türkiyə teatrlarında da böyük müvəffəqiyyətlə oynanılır.

Daha sonra səhnəyə xalq artistləri Mərahim Fərzəlibəyov və İlham Namiq Kamal dəvət olundular. Hər iki sənətkar yubilyar ədibin özünəməxsus dəst-xətti və yaradıcılıq əlaqələrindən söz açdılar. Mərahim Fərzəlibəyov indiyədək Marat Haqverdiyevin altı əsərinə quruluş verdiyini diqqətə çatdırdı. Müəllifin paytaxtın müxtəlif teatrlarında səhnələşdirilən əsərlərinin tamaşaçılar tərəfindən hər zaman sevilərək qəbul edildiyi vurğulandı. Təqdim ediləcək tamaşanın quruluşçu rejissoru olan İlham Namiq Kamal qeyd etdi ki, əsərin ən böyük özəlliklərindən biri günümüzlə səsləşməsidir.

Sonra söz yubilyara verildi. Marat Haqverdiyev yubileyi ərəfəsində Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldüyünü qeyd edərək ölkəmizdə mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, bütün yaradıcılığı boyu bacarıq və istedadını vətənin, xalqın və ədəbiyyatın yolunda sərf etməkdən qürur duyur. O, ötən illər ərzində çiyin-çiyinə çalışdığı bütün mədəniyyət xadimlərinə və 80 illik yubileyinin keçirilməsində əməyi olanlara minnətdarlığını ifadə etdi.

Daha sonra Amerikalı kürəkən musiqili komediyası nümayiş olundu.

Hər bir valideyn övladının xoşbəxtliyini istəsə də, bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə var-dövlət sahibi olmaqdadır. Əsərin qəhrəmanı olan ana Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O, qızı Reyhanı var-dövləti olan birisinə ərə vermək istəyir. Qızı isə başqasını ingilis dili müəllimi Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Məzhəkə dolu tamaşada gənclərin sevgisinin qarşısını heç bir qüvvə kəsə bilmir.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamal, musiqi müəllifi mərhum Xalq artisti Ramiz Mirişli, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri əməkdar artistlər ZakirLeyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada Xalq şairi Fikrət Qocanın şeirlərindən istifadə olunub.

Səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Almaz Ələsgərli, Əkbər Əlizadə, Novruz Qartal, aktyorlar Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar QarayevaEleanora Mehdiyeva ifa edirdilər. Yubiley tamaşası böyük alqışlarla qarşılandı.

 

L.ƏLƏKBƏROVA

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.6.