Azərbaycanın və Moldovanın incəsənət muzeyləri əməkdaşlıq edəcək

 

 

Azərbaycan Milli İncəsənət Muzeyi və Moldovanın Milli Təsviri İncəsənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və Moldova Milli Təsviri İncəsənət Muzeyinin icraçı direktoru Tudor Zbarnea imzalayıblar.

T.Zbarnea sənədin iki muzey arasında əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə zəmin yaradacağına əminliyi ifadə edib.

Müqavilədə qarşılıqlı elmi tədqiqat fəaliyyətinin və bərpa-konservasiya işinin aparılması, birgə sərgilərin hazırlanması və s. nəzərdə tutulub. Əməkdaşlıq müqaviləsi həmçinin Azərbaycanda Moldova mədəniyyətinin və Moldovada Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.

Mərasimdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev iki ölkə muzeyləri arasında nəzərdə tutulan əməkdaşlıqdan məmnunluğunu ifadə edərək hər iki mədəniyyət müəssisəsinin sıx əlaqələr qurmaq niyyətində olduğunu bildirib.

İmzalanma mərasimində Moldovanın ölkəmizdəki səfiri George Leuka, Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.5.