Xalq rəssamı Rafiq Mehdiyevin xatirəsi yad olundu

 

 

Oktyabrın 30-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xalq rəssamı Rafiq Mehdiyevin (1933-2009) 85 illiyinə həsr olunmuş tədbir keçirildi.

İz” layihəsi çərçivəsində reallaşan tədbirdə əvvəlcə rəssamın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, 1933-cü il iyunun 10-da Şahbuz rayonunda anadan olan Rafiq Mehdiyev əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, daha sonra isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsində təhsil alıb.  Onun yaradıcılığında rus rəssamlıq məktəbinin böyük təsiri olub. Kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən  rəssam Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunanPoçt qutusu”, “Saqqallı uşaq”, “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy” əsərlərinə illüstrasiyalar çəkib. Rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur, linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rəssamın N.Poqodinin “Silahlı adam” və M.İbrahimovun “Gələcək gün” əsərlərinə çəkdiyi linoqravüralar nümayiş etdirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov bildirdi ki, Rafiq Mehdiyev geniş yaradıcılıq istedadına malik idi. O, monotipiya texnikasında da bir sıra əsərlər yaradıb. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə” kimi tabloları qeyd etmək olar.

Rəssam bir-birindən maraqlı rəngkarlıq nümunələri yaradıb. “Üzüm yığanlar”, “İstirahət”, “Natürmortkimi tablolar bu qəbildəndir.

Sənətkarın ailəsi adından çıxış edən oğlu, Əməkdar rəssam Rəşad Mehdiyev tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Tədbir çərçivəsində rəssamın bir neçə əsəri sərgilənirdi.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.2.