Litvada Cümhuriyyətlə əlaqələrin 100 illiyinə həsr olunmuş sənədli sərgi açılıb

 

 

Vilnüsdə, Litva Elmlər Akademiyasının T.Vrublevski adına Elmi kitabxanasının nadir nəşrlər və əlyazmalar şöbəsinin oxu zalında “Litva – Cənubi Qafqaz dövlətlərarası münasibətləri – 1918-1922-ci illər” mövzusunda sənədli sərginin açılışı olub.

Üç bölmədən ibarət sərgi Litva dövlətinin bərpa edilməsinin 100 illik yubileyi, həmçinin Litvanın Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla diplomatik münasibətlər qurmasının 100-cü ildönümü münasibətilə təşkil olunub. Xatırladaq ki, 1918-1922-ci illərdə Tiflisdə Litvanın Cənubi Qafqaz dövlətlərindəki ümumi diplomatik nümayəndəliyi fəaliyyət göstərib.

T.Vrublevski adına Elmi kitabxanaLitva Azərbaycanlıları Cəmiyyəti tərəfindən birgə təşkil olunmuş sərgidə nümayiş olunan sənədlər, fotoşəkillər, müxtəlif tarixi eksponatlar kitabxananın fondlarından və cəmiyyətin arxivindən götürülüb. Cəmiyyət həmçinin sərgiyə aid sənədli icmalın, müxtəlif açıqlama və izahların, diplomatik yazışmalara dair tarixi arayışların ortaq müəllifi olaraq çıxış edir.

Sərginin kuratoru kitabxananın direktor müavini, humanitar elmlər doktoru Rima Tsisenene, redaktorları kitabxananın əməkdaşları – tarixşünas Rasa Sperskene, humanitar elmlər doktoru Giedre MikneneVilnüs Rəssamlıq Akademiyasının dosenti, dilçi alim Arturas Yudjentisdir.

Ekspozisiyanın açılışında iştirak edən Azərbaycan Respublikasının Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev sərginin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatlara, şəxslərə minnətdarlığını bildirib. O daha sonra nəfis tərtibli “Azərbaycan xalçaları” ensiklopedik nəşrini elmi kitabxanaya hədiyyə edib.

Sərginin keçirilməsinin təşəbbüsçülərindən və təşkilatçılarından biri, ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Litva-Azərbaycan ədəbi, mədəni, tarixiictimai-siyasi əlaqələrini, həmçinin 1918-1922-ci illərdə Litvanın Cənubi Qafqaz ölkələri ilə dövlətlərarası münasibətlərini araşdıran tədqiqatçı kimi də tanınır.

O, AZƏRTAC-a müsahibəsində dövlətlərarası münasibətlərimizin qədim tarixi barədə məlumat verərək deyib:

- Litva dövlətinin bərpa edilməsi barədə deklarasiya 1918-ci il fevralın 16-da Vilnüsdə elan olunub. Həmin il iyulun 23-də Litva Dövlət Şurası Cənubi Qafqaz dövlətlərində diplomatik nümayəndəliyin təsis olunması ilə bağlı qərar qəbul edibQafqaz Litvalıları Şurasının sədri, o vaxt Tiflis gimnaziyasında riyaziyyat müəllimi işləyən Pranas Daylide (1888-1965) Litva dövlətinin Cənubi Qafqaz respublikalarındakı diplomatik təmsilçisi təyin olunub.

Diplomatik nümayəndə P.Daylide öz etimadnaməsini Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1918-ci ilin sentyabrında təqdim edib. 1919-cu ilin martında Bakıda Litva dövlətinin konsulluğu təsis edilib. Litva ədəbiyyatının məşhur klassiki, Bakı 1-ci realnı məktəbinin rus dili və ədəbiyyatı müəllimi Vintsas Kreve-Mitskeviçyus müstəqil Litvanın Cümhuriyyətdəki ilk konsulu təyin olunub. Bu barədə rəsmi xəbər “Azərbaycan“ qəzetinin 1919-cu il 27 mart tarixli nömrəsində dərc edilib.

Litva konsulluğu ilkin dövrdə Bakıda keçmiş Pozenovskaya küçəsindəki (indiki “Cəfərov qardaşları“ küçəsi) 15 nömrəli binada fəaliyyət göstərib.

1919-1920-ci illərdə Litva və Azərbaycan keçmiş Rusiya imperiyasının ucqarlarında dövlət müstəqilliyini yenicə elan etmiş digər ölkələrlə birgə Paris Sülh Konfransında müstəqilliyin tanınması istiqamətində diplomatik səylər göstəriblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov 1919-cu ildə Parisdən Cümhuriyyət Hökumətinə ünvanladığı məktubların birində yazırdı: “...Estoniya, Litva, Ukrayna, Latviya, Belorusiya nümayəndə heyətləri ilə zəif də olsa, əlaqələrimiz mövcuddur...”.

Litva konsulu V.Kreve-Mitskeviçyus Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra – 1920-ci ilin iyun ayında Bakını tərk edərək Vətəninə qayıdıb.

1920-ci il sentyabrın 25-də Tiflis şəhərində Azərbaycan SSR Hökuməti və Litva Respublikası Hökuməti arasında müqavilə bağlanıb. Sənədi Azərbaycan SSR xarici işlər komissarı Mirzə Davud Hüseynov (1894-1938) və Litvanın Qafqaz dövlətlərindəki diplomatik nümayəndəsi P.Daylide imzalayıblar.

Bakıdakı Litva konsulluğu 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasına qədər fəaliyyət göstərib. Həmin dövrdə Bakı yəhudiləri icmasının nüfuzlu xadimlərindən biri olaraq tanınmış həkim Mixail Markovski Litva dövlətinin Qafqaz respublikalarındakı konsulu vəzifəsində çalışıb. Litva dövlətinin Bakıdakı konsulluğu 1922-ci il avqustun 28-də ləğv olunub.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.13.