Musiqili Teatrda üç yeni tamaşanın premyerası nəzərdə tutulur

 

 

 

Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün başlanması ilə əlaqədar geniş tərkibli iclas keçirilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, qarşıda duran vəzifələrdən danışıb.

Bildirib ki, 108-ci mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Teatrda beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, premyeralar olub, aktyorlar müxtəlif təşkilatların mükafatlarını qazanıblar.

İranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalına teatr əməkdaşlarının ekspert kimi dəvət olunması bir daha sübut edir ki, ölkəmizin hüdudlarından kənarda Azərbaycan teatr sənətinə böyük önəm verilir. Təbriz teatrının rəhbəri, aktyorrejissor Babək Nəhreynin Novruz bayramı günlərində konsert proqramı ilə çıxış etməsi, iyun ayında Bakıda keçirilən İran mədəniyyəti günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə “İlahi komediya. Cəhənnəm” tamaşasının nümayişi iki ölkə arasında mədəni əlaqələrə yeni töhfələr verib.

Ə.Lalayev xatırladıb ki, sənət ocağı ötən mövsüm “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını uğurla təqdim edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunan “Nuri-didə Ceyhun” tamaşasında səhnədə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, “Qodonun intizarında” absurd tamaşasının premyerası da teatr ictimaiyyətində böyük əks-səda doğurub.

Direktor diqqətə çatdırıb ki, Musiqili Teatrın səhnəsində bu ilBağdadda bir gün”, “Balaca şahzadə”, “Paris Notrdam kilsəsi” adlı yeni tamaşaların premyeraları nəzərdə tutulur.

Xalq artistləri Afaq Bəşirqızı və İlham Namiq Kamal kollektivi yeni mövsüm münasibətilə təbrik edib, həmkarlarına yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə teatrın yaxın dörd ay üçün repertuar planı təsdiq olunub, hazırlanacaq yeni tamaşalar barədə məlumat verilib.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.8.