İslam mədəniyyətinin paytaxtı”nda beynəlxalq konfrans

 

 

Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində tədbirlər davam edir. Sentyabrın 7-də “Naxçıvan” Universitetində “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Muxtar respublika Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək qeyd edib ki, Naxçıvanın zəngin tarixi-mədəni irsiİslam mədəniyyətinin paytaxtı” kimi onun əhəmiyyətini daha da artırır. Vurğulanıb ki, bölgədə dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilərək dindarların və zəvvarların ixtiyarına verilib. Hazırda muxtar respublikada olan 211 məsciddən 169-u yeni tikilibya yenidən qurulub. O, beynəlxalq konfransın Naxçıvanın zəngin türk-islam mədəniyyətinin öyrənilməsinə töhfə olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: İslam mədəniyyətinin yaşadıldığı məkan” mövzusunda çıxış edərək deyib ki, dünyada ilkin şəhər mədəniyyətinin yaranmasının beş min illik tarixi olan şəhərlər az saydadır. Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsi, Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərib. Orta əsr mənbələrində Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlar veriblər.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Bölgədə İslam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yerirolumövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanın bu ulu diyarı dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Naxçıvan tarixən təktanrıçılığın məskəni olub. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində islami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Zəngin tarixə malik olan bu diyar İslam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməkdədir.

İstanbul Universitetinin müəllimi, professor Oktay Belli “Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti” mövzusunda məruzə edib. Onun sözlərinə görə, Naxçıvanın türk dünyasında çox böyük yerirolu vardır. Bu qədim diyar olduqca zəngin tarixə malikdir. Bu ulu torpaq tarixi-mədəni abidələri ilə öz qədim keçmişindən xəbər verir. Körpülər, abidələr, karvansaraylar, məscidlər, hamamlar türk xalqının bu torpağa vurduğu naxışlardır və bu xalqın tarixinin nə qədər köklü olduğunu sübut edir.

Daha sonra Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaşİslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu”, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “XII-XIII əsrlər Arazətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzularında məruzələr ediblər.

Məruzələrdə qeyd olunub ki, tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Məhz bu baxımdan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir.

Sonra konfrans öz işini bölmələrdə davam etdirib.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.14.