Nəsimi Festivalında “Əsrlərin sədası” ansamblı yeni ifalar təqdim edəcək

 

 

 

Əsərlər Əbdülqadir Marağayinin bəstələri əsasında gənc bəstəkarlar tərəfindən yazılıb

Azərbaycanda qədim musiqi alətləri üçün ilk dəfə not səsləri yazılıb. Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” ansamblının hazırda məşq etdiyi musiqi nömrələri Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 27-dən 30-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının açılışında ictimaiyyətə təqdim olunacaq.

Dəmir gövdəli şimşək və bəm səsli üçbucaq şahrud, ərqanun, dolça, qopuz və neçə-neçə qədim musiqi alətləri... Onları bərpa etmək, gələcək nəsillərə çatdırmaq missiyasını Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyası həyata keçirir.

Heydər Əliyev Fonduna təşəkkür edən laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov deyib: “Fond köməyini bizdən əsirgəmir. Bizim kitabların çapında, ansamblın üzvləri üçün səhnə geyimlərinin tikilməsində yaxından dəstək olur. Festivalda çıxışımız bir daha göstərəcək ki, bu laboratoriya milli musiqi alətlərimizin inkişafına öz töhfəsini verir”.

Onun sözlərinə görə, laboratoriyada musiqi xəzinəmizə yenidən qaytarılan alətlərdə Milli Konservatoriyada təhsil alan gənclər ifa edirlər. Yeni yaradılan “Əsrlərin sədası” ansamblı festivala ciddi hazırlaşır.

Ansamblın bədii rəhbəri, Xalq artisti Fəxrəddin Dadaşov deyib: “Əsərlər yazılıb və onun üzərində işləyirik. Sentyabrın 28-də həmin əsərləri ilk dəfə notla ifa edəcəyik. Bu əsərlər isə XIII-XIV əsrlərdə yaşamış görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında gənc bəstəkarlar tərəfindən yazılıb”.

Gənc bəstəkar Fərid Fətullayev bildirib ki, Ə.Marağayinin motivləri əsasında əsər yazıb və onu “Cəngi” adlandırıb.

Digər musiqilər isə Aliyə Məmmədova, Rüfət AxundovAyaz Qənbərliyə məxsusdur. Belə əsərlər ölkəmizin qədim musiqi alətləri üçün ilk dəfədir yazılır.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu və hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Orxan Həşimov deyib ki, belə bir layihədə iştirak onun üçün yenilik və təcrübədir. Çünki bu qədim alətlər başqa bir səsdir.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.12.