Muzeydə “Musiqiçilərin portretləri”

 

 

Tahir Salahovun yaradıcılığına həsr edilmiş tədbir keçirildi

 

Sentyabrın 12-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli fırça ustası, SSRİ Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahova həsr edilmiş “Tahir Salahov. Musiqiçilərin portretləri” adlı tədbir keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq sənətkarın yaradıcılığından bəhs etdi. Bildirdi ki, Azərbaycanın müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahov yaratdığı əsərlərlə milli mədəniyyətimizə böyük töhfələr verib. Onun əsərləri dünyanın mötəbər muzey və qalereyalarında, eləsə də şəxsi kolleksiyalarda saxlanılır. Onun bənzərsiz əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professoru olan Tahir Salahov təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycan rəssamlıq sənətinin fəal təbliğatçısıdır.

Görüşdə musiqişünas-jurnalist Raya Abbasova, Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Tahir Salahovun ev-muzeyinin direktoru Səadət Mirzəyeva çıxış etdilər.

Rəssamın əsərlərindən, “Səhər eşelonu”, “Təmirçilər”, “Abşeron qadınları” və digər tablolarından bəhs olundu. Qeyd edildi ki, rəssam bəstəkarlar Qara Qarayevin, Dmitri Şostakoviçin, Fikrət Əmirovun, şair Rəsul Rzanın portretlərini ustalıqla yaradıb. Peşəkar sənətşünaslar, eləcə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanan bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi əks olunur.

Çıxışlardan sonraDünya rəssamı. Tahir Salahov” sənədli filmi nümayiş olundu.

Sonra Tahir Salahov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.

Tədbir konsert proqramı ilə başa çatdı. Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova, Əməkdar artist Nərgiz Kərimova, beynəlxalq müsabiqələr laureatları Nərminə İsmayılova Maqsud Musazadənin ifalarında Tahir Salahovun portretlərini işlədiyi görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun əsərləri səsləndirildi.

 

Savalan FƏRƏCO

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.9.