Elçin. Ömrün 75-ci baharı”

 

 

Xalq yazıçısının yubileyi münasibətilə metodik vəsait nəşr olunub

 

Ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirən Azərbaycan Milli Kitabxanası tərəfindən hər il çoxlu sayda metodik vəsait hazırlanır. Bu silsilədən növbəti nəşr – “Elçin. Ömrün 75-ci baharı” adlı metodik vəsait işıq üzü görüb.

Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı Elçinin 75 illik yubileyi münasibətilə hazırlanan vəsaitin tərtibatçı-müəllifi kitabxananın bölmə müdiri, Respublika Nobel İnformasiya Mərkəzinin sədri Bəybala Ələsgərovdur. Vəsaitin elmi redaktoru kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Elnarə Mehbalıyevadır.

Nəşrdə ilk olaraq Xalq yazıçısının müxtəlif rəsmi dövlət təltifləri ilə bağlı fərman və sərəncamlar, ulu öndər Heydər Əliyev tərəfindən ədibin 60 illik yubileyi münasibətilə ona ünvanlanan təbrik məktubu öz əksini tapıb. Ardınca Elçinin tənqid və ədəbiyyatşünaslıq sahəsində fəaliyyəti haqqında yazı verilib.

Kitabda daha sonra millət vəkili, akademik Nizami Cəfərovun “Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi”, tərtibçi-müəllifin “Ömrün 75-ci baharı” adlı məqalələri yer alıb.

Metodik vəsaitin “Ədəbiyyat, incəsənət, dövlət xadimləri və oxucuları Elçin haqqında” adlı hissəsində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, akademiklər Məmməd Cəfər, Həmid Araslı, Bəkir Nəbiyev, professor Mir Cəlal Paşayev, Xalq yazıçısı İsa Hüseynov və digər elm, ədəbiyyat adamları və ictimai-siyasi xadimlərin yazıçı haqqında fikirləri təqdim olunur.

Elçin yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği” bölməsində ədibin anadan olmasının 75 illik yubileyi münasibətilə mədəni-maarif müəssisələri tərəfindən geniş oxucu kütlələrini, ictimaiyyəti onun həyat və yaradıcılığı ilə tanış etmək üçün müxtəlif tədbirlərin təşkil edilməsi tövsiyə olunur.

Nəşrin sonunda verilən ədəbiyyat siyahısında yazıçı-dramaturqun son illərdə işıq üzü görmüş kitabları, məqalələri, haqqında kitablar, eləcə də ədibin yaradıcılığı ilə bağlı yazılan dissertasiyaların biblioqrafik təsvirləri öz əksini tapıb.

 

Aygün HACIYEVA

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktorantı

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.10.