“Millət sizə minnətdardır”

 

 

Sentyabrın 14-də Milli Azərbaycan Tarixi Muzeyində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş “Millət sizə minnətdardır” adlı sərgi açılıb.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. O deyib ki, 100 il bundan əvvəl Azərbaycan tarixində ən önəmli hadisə baş verib. Bakının azad olunmasının tarixi əhəmiyyəti haqqında danışan N.Vəlixanlı deyib: “Əlamətdar haldır ki, 100 il əvvəl bu zalda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Nuru paşa başda olmaqla Qafqaz İslam Ordusunun komandanlığının şərəfinə ziyafət verib. O vaxt türk qardaşlarımızın köməyi ilə istiqlal yürüşü zəfər yürüşünə çevrildi. 1918-ci il sentyabrın 15-də Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmağa və onu qorumağa borcluyuq. Bugünkü sərgi də onların ruhuna hörmətimizin bariz nümunəsidir”.

Mərasimdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral söyləyib ki, bu böyük bayram – Bakının işğaldan azad olunması hər iki qardaş ölkədə qeyd edilir: “Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan da bizim üçün elə vətəndir. Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hislərlə gəlmişdi. Bu tarixi hadisə münasibətilə belə bir sərginin təşkili gələcək nəsillərə bir nümunədir”.

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə, akademik Nərgiz Axundova tədbirdə çıxış edərək 100 illiyi qeyd olunan bu mühüm hadisə ilə bağlı fikirlərini bölüşüblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə muzeyin silahlarbayraqlar fondu, xatirə əşyaları və hədiyyələr fondu və köməkçi tarixi fənn materialları fondundan 120-dən artıq unikal tarixi eksponat tamaşaçılara təqdim edilir. Eksponatlar arasında türk və Azərbaycan döyüşçülərinin silah və ləvazimatları, Bakı Soveti, “Sentrokaspi diktaturası” və ingilis qoşunlarının silahları, döyüş yerlərində tapılmış artefaktlar, azərbaycanlı döyüşçülərin təltif olunduğu osmanlı ordenləri, həmçinin Qafqaz İslam Ordusuna həsr olunmuş kitabkataloqlar nümayiş olunur.

Sərgidə rəssam və heykəltəraş Əjdər Qafarovun hazırladığı “Nuru paşa” və “Həbib bəy Səlimov” büstləri, türk və Azərbaycan sərkərdələrinin portretləri də yer alıb.

Dekabrın 14-dək davam edəcək sərginin kuratoru muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovdur.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.9.