Sənətə verilən yüksək qiymət

 

 

 

Fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinin təltif olunması mərasimi keçirilib

 

Sentyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinin mükafatlandırılması mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı.

Bildirdi ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Vurğulandı ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün mədəniyyət işçilərinə göstərilən diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir.

Qeyd edildi ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsusilə əlamətdardır: “Azərbaycan xalqı çox istedadlı xalqdır. Xalqımız mədəniyyətimizin müxtəlif sahələrində böyük sənətkarlar, dahilər yetişdirib. Belə istedadlı insanlar indiyetişir. Onlar bizim mədəniyyətimizi, musiqimizi yaşadır, təbliğ edir, tanıdırlar. Dövlətimiz də onların əməyini həmişə yüksək qiymətləndirir”.

Nazir bildirdi ki, mədəniyyətimiz, o cümlədən musiqi sənətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Əbülfəs Qarayev sonda qeyd etdi ki, təqdimat mərasiminin 18 sentyabrMilli musiqi günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra təltiflər sahiblərinə təqdim olundu.

Görkəmli dirijor, Xalq artisti Teymur Göyçayevə “Şöhrət” ordeni təqdim edildi.

Xalq artisti və Əməkdar artist adlarına layiq görülmüş musiqiçilərə fəxri adların vəsiqələri və nişanları təqdim olundu.

Mərasimdə çıxış edən Xalq artisti Teymur Göyçayev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunuböyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq ifadə olundu.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı.

“Azərbaycan teatrının inkişafı naminə daha səylə çalışmalıyıq”

Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələrin təqdim edilməsi ilə bağlı daha bir tədbir sentyabrın 15-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev iştirak ediblər. Tədbir Akademik Milli Dram Teatrının yeni mövsümünün açıldığı günə təsadüf edib.

Nazir Əbülfəs Qarayev mərasimdə çıxış edərək 146-cı teatr mövsümünün açılması münasibətilə Akademik Milli Dram Teatrının kollektivini və fəxri ad alan yaradıcı insanları təbrik edib: “Bayram bayrama qarışıb. Azərbaycan xalqı 15 sentyabr gününü Bakımızın Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad etməsini bayram edir. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad bir daha Azərbaycan dövlətinin gücünü, ordumuzun yenilməzliyini sübut etdi”.

Qeyd edilib ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, Avropanın nüfuzlu teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Nazir bildirib ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Hazırda ulu öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatrteatr fəaliyyəti haqqında” qanun qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan olunub. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.

Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində artıq dünya miqyasında həyata keçirilən layihələrdə ölkəmiz yaxından iştirak edir.

Bildirilib ki, Prezident İlham Əliyev hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırır. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir.

Nazir deyib: “Bu gün teatr xadimlərimiz, aktyorlarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Buna səbəb aparılan düzgün siyasət və ölkə rəhbərinin bu siyasətini dəstəkləyən insanlardır. Mədəniyyət və incəsənət ustalarının əldə etdikləri nailiyyətlər, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu siyasəti dəstəkləyərək mədəniyyət sahəsində çalışan hər kəs daha böyük layihələrə imza atmalı, mədəniyyətimizin tanıdılması üçün yaradıcı potensialını əsirgəməməlidir”.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar incəsənət xadimi” və “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və nişanları təqdim olunub.

Fəxri ad alan bir sıra sənətkarlar çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Sonda bir daha bütün mükafat alanları təbrik edən nazir Əbülfəs Qarayev deyib ki, paytaxtımız növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Noyabr ayında V Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək: “Biz Azərbaycan teatrının yeni mərhələyə qədəm qoyması, daha da inkişaf etməsi naminə səylə çalışmalıyıq”.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.5.