Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyası ilə bağlı hazırlıq işlərinə başlanılıb

 

 

 

Sentyabrın 14-də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi.

İclasda əvvəlcə Azərbaycan nümayəndə heyətinin Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Dünya İrs Komitəsinin 42-ci sessiyasında iştirakını əks etdirən və sessiyada təqdim edilən Azərbaycanın tanıtım videoçarxı nümayiş olundu.

Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qarşıda duran vəzifələr haqqında komitə üzvlərinə məlumat verdi. Tədbirin əhəmiyyətini diqqətə çatdıran nazir bildirdi ki, Dünya İrs Komitəsinin sessiyasında hər hansı bir ölkənin mədəni irs nümunəsi haqqında qərar çıxarılırsa, bu həmin abidənin bəşəriyyətin tarixinə öz adını yazdırması deməkdir:Bu tarixə əbədi həkk olmaq deməkdir və bu baxımdan komitənin iclası mühüm hadisədir. Hesab edirik ki, UNESCO-nun ali toplantısının Azərbaycanda keçirilməsi də Azərbaycanın paytaxtı Bakının bəşəriyyətin bu tarixi hadisəsinə adının yazılmasıdır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın UNESCO-da apardığı siyasətin məntiqi yekunu olaraq bu məsuliyyət Azərbaycana həvalə edilib. Odur ki, biz Azərbaycana 10 gün müddətində 3000-dən artıq qonaq - elm adamları, tarixçi ekspertlərin  gələcəyi tədbirə ciddi hazırlaşmalı və onu yüksək səviyyədə keçirmək üçün bütün qüvvəmizlə çalışmalıyıq”.

Əbülfəs Qarayev əlavə etdi ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir. Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusilə vurğuladı.

Qeyd etdi ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bir il müddətinə komitənin sədri seçilib və 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Diqqətə çatdırıldı ki, bu gün bir sıra mədəni irs nümunəmiz UNESCO-nun müvafiq mədəni irs siyahılarında qorunur. İlk olaraq İçərişəhər və Azərbaycan muğamı bu siyahılara daxil edilmişdi. Hazırda nazirliyin nəzdində xüsusi bir komissiya çalışır və Şəki şəhərinin və onun tarixi hissəsinin siyahıya daxil olunması ilə bağlı işləri hazırlayır. Bütün bunlar Azərbaycan Prezidentinin ölkəmizin imicini beynəlxalq aləmdə yüksək tutmasının və həyata keçirdiyi müstəqil siyasətin məntiqi nəticəsidir.

Daha sonra nazir Dünya İrs Komitəsinin fəaliyyəti haqqında söz açdı. Bildirdi ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Azərbaycanda təşkil ediləcək sessiyanın əsas iclasları Bakı Konqres Mərkəzində baş tutacaqsessiyalar UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq. Sessiyada “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” adlı xüsusi proqramlar da təşkil ediləcək.

Nazir vurğuladı ki, Təşkilat Komitəsində təmsil olunan müvafiq qurum və idarələrin üzərinə böyük məsuliyyət düşür. Mədəni proqramlar, məkanlar, hotellər, səhiyyə, nəqliyyat və s. ilə bağlı işlər ən yüksək səviyyədə həyata keçirilməlidir.

Daha sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiriAparat rəhbərinin müavini Vasif Eyvazzadə çıxış edərək UNESCO-nun Dünya İrs Komitəsinin yaranması, tərkibi və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan bu komitəyə 1993-cü ildən üzv olub.

İclasın sonunda nazir Əbülfəs Qarayev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmizin UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurulub. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda iki ildən bir UNESCO-nun da tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Nazir əmin olduğunu bildirdi ki,  Dünya İrs Komitəsinin 43-cü sessiyası da yüksək səviyyədə gerçəkləşəcək.

İclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam etdi.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.7.