Don Kixot” Gənc Tamaşaçılar Teatrının səhnəsində

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin üçüncü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq ispan yazıçısı Migel de ServantesinDon Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqləri aparılır.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Quruluşçu rejissor Bəhram Osmanov səhnə əsərini belə şərh edib: Klassik kanonları dağıdaraq daha çox sosial, müasir, XXI əsrin insanını narahat edə biləcək problemləri ön plana çəkmək istəyirik. İnsana xas olan ləyaqət, insaf, mərhəmət, mərdlik kimi üstün cəhətləri qabartmağa çalışmışıq. Ekstremal vəziyyətdə insani hislərin öz yerini bunun əksi ola biləcək duyğulara verməsi və bütün bunlara qarşı təkcə vuruşan Don Kixot haqqında düşünməyə, tamaşaçını ona yenidən, ayrı baxış bucağından nəzər salmağa çağırırıq. Əsər əsrlər öncə yazılmasına baxmayaraq, bu gün üçün də aktualdır. İnsanların başına gələn mənəvi, psixoloji, sosial bəlaların kökünü açmağa, göstərməyə çalışırıq”.

Tamaşada dahi bəstəkar Qara QarayevinDon Kixot” qravürlərindən, həmçinin rus bəstəkarı Aleksey Rıbnikovun əsərlərindən istifadə olunacaq. Tamaşa şərtilik üzərində qurulduğu üçün səhnə tərtibatında da bu şərtilik gözləniləcək. Zamanı, zəmanəni dəyişməyə çalışan Don Kixot bunları simvolizə edən böyük bir saatla mübarizə aparacaq. Yaradıcı heyət Don Kixotun vasitəsilə “Dünyanı insanlıq, mərhəmət xilas edəcək” mesajını ötürəcək.

Yeni səhnə əsərində Xalq artisti Qurban İsmayılov, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları rol alıblar.

Tamaşanın premyerası oktyabrın sonuna nəzərdə tutulub.

 

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.8.