Ölkəmiz Özbəkistanda keçirilən milli mətbəx festivalında təmsil olunub

 

 

 

Daşkənddəki “Tashkent palase lotte” hotelində Özbəkistanın dövlət  müstəqilliyinin əldə olunmasının 27-ci ildönümü ilə əlaqədar “Tasanno-2018” adlı milli mətbəx festivalı keçirilib.

Özbəkistanda fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim ediblər. Festivalda Azərbaycan, Çin, Rusiya Federasiyası, Macarıstan, İndoneziya, Qazaxıstan, Latviya, Banqladeş, Tacikistan, Türkmənistan və s. ölkələr iştirak ediblər.

Festivalda Azərbaycanı Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan üçün ayrılmış guşədə bayrağımız asılıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif kitabalbomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəximizlə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib.

Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə və qutablar, şirniyyatlarımızdan şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.

Festivalı giriş sözü ilə Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstambek Qurbanov açaraq tədbirin əhəmiyyətindən danışıb, son illərdə Özbəkistanda hər bir sahədə geniş islahatların aparıldığını, ölkədə mədəniyyət sahəsində də möhtəşəm tədbirlərin keçirildiyini qeyd edib. O, “Tasanno-2018” festivalına marağın böyük olduğunubuilki tədbirdə milli kulinariyadan əlavə, müxtəlif ölkələri təmsil edən musiqi və rəqs kollektivlərinin iştirakının da nəzərdə tutulduğunu bildirib.

Daha sonra festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Müxtəlif ölkələrin milli rəqsləri, musiqiləri tədbirə rəng qatıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramında Xalq artisti Gülyanaq Məmmədova iki qardaş ölkənin mahnılarını səsləndirib. Onun ifası iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.

 

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.12.