“Bakı bulvarının tarixi fotoşəkillərdə”

 

Musiqili sərgidə 100-dən çox foto nümayiş olunur

 

Sentyabrın 18-də Dənizkənarı Milli Parkda “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərginin açılış mərasimi keçirilib.

Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə açılan sərgi ümummilli lider Heydər Əliyevin “Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında” fərmanının 20 illiyinə həsr edilib.

Bulvar İdarəsi Aparatının rəhbəri Elmir Bağırov bildirib ki, sərgidə yer alan 104 fotoşəkilin əksəriyyəti ictimaiyyətə ilk dəfə təqdim olunur. Şəxsi kolleksiyalardan, xariciyerli arxivlərdən toplanmış və yüksək keyfiyyətlə bərpa edilmiş orijinal fotoşəkillər dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərədək tarixini əhatə edir. Sərgidə Bakı şəhərinin 1860-cı illərdə dənizdən çəkilmiş ilk fotoşəkilləri də nümayiş olunur.

Qeyd edilib ki, tədbirin keçirilməsində əsas məqsəd Bakı bulvarının tarixi inkişaf mərhələlərini əyani surətdə nümayiş etdirmək, vətəndaşları və şəhərimizin qonaqlarını bu sahədə maarifləndirməkdir.

2019-cu ilin mart ayının sonuna kimi davam edəcək sərgiyə giriş sərbəstdir. Sərginin Azərbaycan klassikretro musiqi sədaları altında keçirilməsi paytaxtın sakinlərinə və turistlərə xoş təsir bağışlayacaq.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.7.