Festivalın konsert proqramlarından daha ikisi

 

Artıq sona yaxınlaşan Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı paytaxtın müxtəlif sənət məkanlarında rəngarəng konsert proqramları ilə yadda qaldı.

Sentyabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Dövlət Fortepiano Triosunun konserti keçirildi.

Qarabağa gedən yol” adlı musiqi layihəsində gənc solistlər Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (violin), Səbinə İbrahimova (cello), Gülnaz İsmayılova (soprano) bir-birindən parlaq ifalar təqdim etdilər. Vətən sevgisini tərənnüm edən bəstələrin səsləndiyi konsert proqramı maraqla qarışlandı.

* * *

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayevanın ifasında konsert proqramı da festivalın yaddaqalan musiqi gecələrindən oldu. Gənc ifaçı V.A.Motsart, F.Şopen, Q.QarayevS.Prokofyevin əsərlərini səsləndirdi.

Vüsalə Babayeva Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsini bitirib. Hazırda magistr pilləsi üzrə təhsilini davam etdirir. Pianoçu bir çox respublika və beynəlxalq müsabiqələrin laureatıdır. 2011-ci ildə Bolqarıstanda keçirilən XVI Beynəlxalq “Ümidlər, istedadlar, ustadlar” müsabiqəsində I yerə, 2016-cı ildə Estoniyada təşkil olunan VII Beynəlxalq “Baltik ulduzları” müsabiqəsində II yerə, 2017-ci ildə Almaniyada VII Beynəlxalq “Musical fireworks in Baden-Wurttemberg” müsabiqəsində I yerə layiq görülüb.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.9.