Üzeyir Hacıbəylinin və Azərbaycan bəstəkarlarının mahnı irsi

 

 

Sentyabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Üzeyir Hacıbəylinin və Azərbaycan bəstəkarlarının mahnı irsi” adlı konsert təqdim olundu. Musiqi gecəsi Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramına əsasən təşkil edilmişdi.

Azərbaycan TeleviziyaRadiosunun Tofiq Əhmədov adına Estrada-simfonik orkestrinin ifasında ilk olaraq bəstəkar Aydın Manaflının “Popurrisi səsləndirildi. Sonra orkestrin müşayiəti ilə Əməkdar artist Səbinə Babayevanın, müğənnilərdən Ərəstun Quliyev, Aynur İsgəndərli, Kənan Qədimov, Nurlan Abdullazadə, Nicat Cəfərzadə, Nigar Cəlilova, Rövşən Qəhrəmanov, Rövşən Əziz və Zabitə Alıyevanın ifaları dinlənildi.

Konsertdə Rauf Hacıyevin “Leyla” (sözləri İsmayıl Dadaşovun), Fikrət Əmirovun “Mən səni araram” (Tələt Əyyubov), Oqtay Kazıminin “Qaytar eşqimi” (Fikrət Qoca), Səid Rüstəmovun “Haradasan” (Tələt Əyyubov), Arif Məlikovun “Çıx yaşıl düzə” (İslam Səfərli), Ramiz Mirişlinin “Səadət” (Fikrət Qoca), Tofiq Əhmədovun “Güldür məni” (Rəfiq Zəka), Elza İbrahimovanın “Sən mənim səsimi eşidəcəksən” (Rüzgar Əfəndiyeva) və Tofiq Quliyevin “Məhəbbət çırağı” (Fikrət Qoca) mahnıları ifa olundu. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.11.