Tanınmış vokalçının pedaqoji fəaliyyəti

 

 

 

Əməkdar artist, Prezident təqaüdçüsü, tanınmış vokalçı (kontratenor), beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov məzunu olduğu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim kimi fəaliyyətə başlayıb.

İlham Nəzərov bundan öncə Bülbül adına Orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 35 saylı 11 illik Musiqi məktəbində çalışaraq gənc vokalçıların yetişdirilməsinə öz töhfəsini verib.

O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2010-2013-cü illərdə İtaliyada təhsil alıb. 2010-cu ildən İtaliya, Fransa, Almaniya, İsveçAvstriyada keçirilən beynəlxalq vokal müsabiqələrinin laureatı olub. İlham Nəzərov həmçinin 2016-cı ildə Moskvada keçirilən Vokalçıların Müslüm Maqomayev adına 4-cü beynəlxalq müsabiqəsinin birincisi, ötən il Nyu-Yorkda təşkil olunan vokal müəllimlərinin beynəlxalq müsabiqəsinin qalibidir.

Sənətçi bir sıra ölkələrin opera teatrlarında müxtəlif bəstəkarların əsərlərində –  ümumilikdə 40-dan çox tamaşada bir-birindən fərqli obrazların öhdəsindən müvəffəqiyyətlə gələrək tamaşaçıların rəğbətini qazanıb. Musiqiçi hazırda Bakı Musiqi Akademiyasının doktorantıdır.

 

 

 Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.11.