Qafqaz: tarix, çağdaş dövr, gələcək

 

 

Sentyabrın 27-də Bakıda Türkiyə Respublikasının Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun dəstəyi ilə “Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.

SDİ-nin rəhbəri Məhəmməd Savaş Kafkasyalı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, konfransın Qafqazın tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış edir. Ölkələrimizin elmi qurumlarının birgə təşkilatçılığı ilə keçirilən bu kimi konfranslar dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. AMEA-da Qafqazşünaslıq İnstitutunun yaradıldığını xatırladan İ.Həbibbəyli elm müəssisəsində Azərbaycan tarixi, eləcə də Qafqaz regionu ilə bağlı elmi tədqiqatların aparıldığını vurğulayıb.

TTQ-nin sədri, professor Rəfiq Turan Qafqaz regionundakı xalqların özünəməxsus xüsusiyyətlərə, ortaq köklərə, mədəniyyətə malik olduğunu qeyd edib. Vurğulanıb ki, bu bölgənin zənginliyinin əsas səbəblərindən biri böyük tarixə malik olmasıdır.

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, region tarixçilərinin, xüsusən də qafqazşünasların bölgədəki vəziyyətin, qloballaşmanın öyrənilməsində rolları böyükdür.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, rusiyalı jurnalist Aleksandr Qoryaninbaşqa çıxış edənlər Qafqaz regionunda cərəyan edən tarixi proseslər barədə danışıblar.

SonraQafqaz tarixində Azərbaycan Albaniya dövlətinin yerirolu”, “Qafqaz tarixində miqrasiya prosesləri: kimmerlər, iskitlər və saklar”, “Qafqaz tarixində Dərbənd”, “Arxiv sənədlərində Azərbaycanın əhalisi (XVIII – XIX əsrin əvvəlləri)”, “Çar Rusiyasının Cənubi Qafqazda erməni dövləti yaratmaq siyasəti”, “XX əsrin əvvəllərində Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımları”, “Bolşevik Rusiyasının Türk dünyasını parçalamaq siyasəti və Qərbi Zəngəzurun ermənilərə verilməsi”, “Azərbaycanın tarixi taleyində neft problemi” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini bölmələr üzrə davam etdirib.

Tədbir sentyabrın 28-də yekunlaşacaq.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.4.