Görkəmli ədəbiyyatşünasın 90 illiyi qeyd olunub

 

 

 

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlunun (1928-1973) anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

İnstitutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında M.Əlioğlunun xidmətlərindən danışıb.

Bildirilib ki, M.Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub. Onun iyirmi beş illik yaradıcılığı ərzində “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Mirzə İbrahimovun dramaturgiyası”, “S.S.Axundovun həyat və yaradıcılığı”, “Ədəbiyyatda yeni insan”, “Tənqidçinin düşüncələri” və s. kitabları nəşr olunub. Alimin vəfatından sonraHüseyn Cavidin romantizmi”, “Məhəbbət və qəhrəmanlıq”, “Amal və sənət”, “Ədəbi fraqmentlər” və ikicildlik “Darıxan adamlar” kitabları çapdan çıxıb. Onun klassik ədəbiyyat barədəki şərhlərinin böyük hissəsi XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə M.Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir.

Sonra institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Tənqidçi istedadı və zamanmövzusunda məruzəsi dinlənilib. O, diqqətə çatdırıb ki, M.Əlioğlu ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlərinə uyuşmayan müəlliflərdən və əsərlərdən yazmazdı.

İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, kiçik elmi işçi Nurlanə Məmmədova ədəbiyyatşünas-alimin yaradıcılığının müxtəlif aspektlərindən bəhs ediblər.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinədək davam edən yaradıcılıq axtarışlarının bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb.

Sonda Məsud Əlioğlunun qızı, Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri, nasir-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.10.