Zaman üzərində qövs

 

 

   Bakıda rumıniyalı heykəltəraşın əl işlərinin fotosərgisi

  

   Yanvarın 15-də Bakıda rumıniyalı heykəltəraş Konstantin Brankuzinin əl işlərinin fotosərgisi açılıb.

   Zaman üzərində qövs” adlı sərgi Rumıniyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dəstəyi ilə təşkil olunub. Açılış mərasimində ADRA-nın rektoru, Xalq rəssamı Ömər Eldarov çıxış edərək K.Brankuzinin yaradıcılığından söz açıb. Qeyd edib ki, XX əsr heykəltəraşlığında abstrakt formanın yaradıcısı olan K.Brankuzi heykəltəraşlıq, rəsm və qrafika sahəsinə müasir forma anlayışının gətirilməsində mühüm rol oynayıb.

   Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku rumıniyalıların hər il yanvarın 15-də Milli mədəniyyət gününü qeyd etdiklərini diqqətə çatdırıb. Səfir bildirib ki, həmin gün dahi rumın şairi Mihai Eminesku (1850-1889) anadan olub.

   Moldovanın ölkəmizdəki səfiri George Leuka Dövlət Rəssamlıq Akademiyasını Azərbaycanın nüfuzlu ali təhsil ocağı kimi dəyərləndirib, tələbələrin sərgilənən əsərlərdən yararlanmasını tövsiyə edib. 

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.4.