Hüznmilli qürur günü

 

 

   20 Yanvar hadisələri və Aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib

  

   Yanvarın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar - hüznmilli qürur günü” adlı kitab sərgisinin açılışı və Şövqi Bünyatovun müəllifi olduğu “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimatı keçirildi.

   Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.

   Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq bildirdi ki, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda qurban getmiş vətən övladlarının adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunub. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu vurğuladı.

   Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı elmi redaktoru olduğu kitab haqqında məlumat verərək dedi ki, nəşr yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin - 1990-cı ilin 20 Yanvar faciəsinin və 2016-cı ilin Aprel döyüşlərinin təhlilinə həsr edilib. Əsərdə hər iki hadisə arasında aparılan müqayisədə əsas diqqət lider-millət vəhdətinin taleyüklü əhəmiyyətinə ayrılıb.

   Kitabın müəllifi Şövqi Bünyatov nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirdi.

   Tədbir iştirakçıları kitabxananın foyesində 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.

 

   Fariz

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.4.