“Bakı səhnəsində çıxışımdan hədsiz məmnunam”

 

 

   Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" layihəsi çərçivəsində rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Druxun konserti keçirilib.

   Qeyd edək ki, ifaçı konsertdən əvvəl çıxışı zamanı Bakıda ilk dəfə olmadığını bildirib: “Mənə Bakıda yaşamaq və işləmək kimi böyük xoşbəxtlik nəsib olub. L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində çalışmışam. Azərbaycan xalqı çox qonaqpərvər və istiqanlıdır. Peşəkar musiqiçilər var ki, onlardan çox şey öyrənmək olar. Hazırda Sankt-Peterburqda yaşasam da, Bakı səhnəsində çıxışımdan hədsiz məmnunam. Beynəlxalq Muğam Mərkəzinə mənə belə bir şəraiti yaratdığına görə minnətdaram”.

   Gecədə Elina Drux virtuoz ifası ilə tamaşaçıları ovsunlaya bilib. Konsertdə İ.S.Baxın, E.Şossonun, P.İ.Çaykovskinin, A.Zeynallının və F.Əlizadənin əsərləri səslənib.

   E.Drux Sankt-Peterburq Konservatoriyasının məzunu və çoxsaylı beynəlxalq müsabiqələrin qalibidir. Avropanın və Rusiyanın bir çox şəhərlərində çıxış edir, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur. Sankt-Peterburq hökumətinin "Pedaqoji ümidlər" mükafatına layiq görülüb.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.5.