“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayında

 

 

   Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çapdan çıxıb.

   Jurnalın “Nobel kürsüsü” bölümündə oxuculara yapon mənşəli İngiltərə yazıçısı Kazuo İşiquronun “O günlərdən qalanlar” romanı təqdim olunur. Bu romanına görə 1989-cu ildə Buker mükafatı alan yazıçı 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

   “Azərbaycan ədəbiyyatı” bölməsində Ələkbər Salahzadənin, “Türk poeziyası” bölməsində Edip Cansevər, Cahit Zerifoğlu, Cemal Süreyya, Ece AyhanCan Yücelin, “Rus poeziyası” bölməsində Anna Axmatovanın şeirləri, “Ukrayna ədəbiyyatı” bölməsində Natali Kulişin hekayələri, “Roman” bölməsində isə Toni Morrisonun “Evə qayıdış” romanı yer alıb.

   Oxucular “Xəzər”in bu sayında Edqar Ponun hekayələri, Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi, Frans Kafka haqqında xatirələr və onun “Aclıq ustası” hekayəsi ilə də tanış ola bilərlər. Jurnalda, həmçinin Yukio Misimanın “Günəş və poladessesi, Martin Makdonaxın “Spokanlı təkqol” pyesi və digər maraqlı yazılar yer alıb.

   Jurnalın baş redaktoru Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuddur.

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.15.