Ölkəmiz İstanbulda turizm sərgisində təmsil olunacaq

 

 

   Yanvarın 25-dən 28-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “EMİTT 2018” (The East Mediterranean İnternational Travel and Tourism - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi) turizm sərgisində ölkəmiz də təmsil olunacaq.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Ölkəmizdən sərgiyə 20-yə yaxın turizm şirkəti və mehmanxana qatılacaq.

   Respublikamızın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 70 kvadratmetr sahədə qurulan milli stenddə nümayiş olunacaq. Stendimizdə monitorlar vasitəsilə Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən tanıtım filmləri göstəriləcək, ziyarətçilərə reklam-çap məhsulları paylanılaraq, ölkəmizin turizm imkanları haqqında ətraflı məlumat veriləcək.

   Sərgi çərçivəsində işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulub.

   Qeyd edək ki, 1997-ci ildən etibarən hər il keçirilən EMİTT sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Bu il 21-ci dəfə təşkil olunacaq sərgidə 80-dən çox ölkənin iştirak edəcəyi gözlənilir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 24 yanvar.- S.3.