Bizimkilər Karaqanda teatrında

 

 

   Yanvarın 21-də K.S.Stanislavski adına Karaqanda Dövlət Rus Dram Teatrında (Qazaxıstan) Amerika dramaturgiyasının canlı klassiki Nil Saymonun «Axmaqlar» pyesinin ilk tamaşası olub.

   Nil Saymonun əsərinə müraciət hər bir teatr üçün önəmli hadisədir. Bizim üçün uzaq Karaqanda teatrının Saymon yaradıcılığına müraciətində önəmli olan budur ki, tamaşaya Azərbaycandan dəvət edilmiş rejissor Mikayıl Mikayılov quruluş verib. Tamaşanın quruluşçu rəssamı da soydaşımız, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəssamı Mustafa Mustafayevdir.

   Qazaxıstan mediasının yazdığına görə, quruluşçu rejissor tamaşanın janrını “iki seanslıq attraksionolaraq müəyyən edib. Bu yozum isə rejissorun parlaq xarakterik boyalardan, qroteskbuffonadadan istifadə etməsinə imkan verib. Quruluşçu rəssam isə səhnədə hadisələrin baş verdiyi kəndin irrasional aləmini təsvir etməyə müvəffəq olub.

   Əsərə gəlincə, Nil Saymon «Axmaqlar» pyesində qorxunun insan dərrakəsinə iflicedici təsirini təsvir edib. Tamaşaçı müəllim Leon Tolçinski ilə birlikdə sakinləri ilk baxışda adi adamlardan seçilməyən Kuliçovka kəndinə düşür. Amma tezliklə məlum olur ki, bu kənddəki poçtalyon, qəssab, həkim və onun arvadı, çoban, alverçi bizim alışdığımız praqmatik dünyanın insanları deyillər. Kəndin bütün sakinləri axmaqdır. Bunun səbəbi isə kənd əhalisini izləyən qədim ovsundur. Amma Leon həkimin qızı Sofyaya aşiq olur və qızın məhəbbətini qazanmaq üçün Kuliçovkanın ən böyük cadugəri qraf Yuzekeviçlə mübarizəyə başlayır. Sevgi və mövhumatın zəhərləmədiyi ağıl müəllimin bu qarşıdurmadan qalib çıxmasına kömək edir...

   Karkultura.gov.kz saytı yazır ki, «Axmaqlar» kimlərdənsə nələrisə qurban verməyi tələb edən, digərlərinin mürgüləyən ağlını oyadan sevgi əhvalatı yox, həm də insan ağlını bütün ovsuncadulardan daha çox alan qorxu barədədir. Tamaşa hər insanı öz hərəkət və əməllərinin ağlabatan olmasından ötrü cavabdehlik daşıdığı barədə düşünməyə vadar edir.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 24 yanvar.- S.6.